Məktəblilərimiz beynəlxalq olimpiadaya hazırlıq təlimlərində
Bakı, 17 aprel, AZƏRTAC
Azərbaycanlı şagirdlər 30-cu Beynəlxalq Biologiya Olimpiadasına hazırlıq proqramı çərçivəsində Tehran Universitetinin nəzdində təşkil olunan təlimlərdə iştirak edirlər.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, aprelin 26-dək davam edəcək təlimlərdə şagirdlərimiz həm nəzəri, həm də praktik biliklərini təkmilləşdirəcəklər. Peşəkar müəllimlər tərəfindən keçirilən hazırlıq təlimlərində şagirdlərə laboratoriyada maddələrlə davranmaq, kimyəvi və bioloji əməliyyatları icra etmək qaydaları öyrədiləcək. Bundan əlavə, iştirakçılara biokimya, heyvan, bitki fiziologiyası, hüceyrə biologiyası və genetika ilə bağlı yeni məlumatlar veriləcək.
Qeyd edək ki, Azərbaycan məktəblilərinin beynəlxalq fənn olimpiadalarında nailiyyətlərinin artırılması, şagirdlərin hazırlıq prosesinin təkmilləşdirilməsi istiqamətində müxtəlif ölkələrin ali məktəbləri ilə sıx əməkdaşlıq çərçivəsində onların elmi-praktik bazasından və müəllim-professor heyətinin təcrübəsindən istifadə olunur.