MƏDƏNİYYƏT
Mərakeş Krallığı bütün beynəlxalq tədbirlərdə Azərbaycanın haqlı mövqeyini hər zaman dəstəkləyir
Bakı, 12 noyabr (AZƏRTAC). Mərakeş Krallığı bütün beynəlxalq tədbirlərdə və təşkilatlarda Azərbaycanın haqlı mövqeyini hər zaman dəstəkləyir.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində ölkəmizdə səfərdə olan Mərakeş Krallığının mədəniyyət naziri Binsəlim Himmiş demişdir.
Azərbaycanın işğal edilmiş ərazilərində mədəni və tarixi abidələrin ermənilər tərəfindən dağıdılması məsələsinə münasibət bildirən qonaq vurğulamışdır ki, ölkəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həllinin tərəfdarıdır.
Ümummilli lider Heydər Əliyevin Azərbaycanın dünyada tanınması istiqamətində əvəzsiz xidmətlər göstərdiyini xüsusi qeyd edən nazir bildirmişdir ki, burada gördüyümüz qədim mədəniyyət nümunələri bu xalqın nə qədər dərin tarixi köklərə malik olduğunu bir daha təsdiqləyir.
Binsəlim Himmiş ölkəmizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsi münasibətilə Azərbaycan xalqını təbrik etmişdir.
Azərbaycanda keçirilən Mərakeş Krallığı Mədəniyyət Günləri proqramının zəngin olduğunu söyləyən nazir Bakı sakinlərinin və paytaxtımızın qonaqlarının tədbirlər çərçivəsində Mərakeş mədəniyyətinin fərqli cəhətləri ilə tanış olacağına əminliyini ifadə etmişdir.