MƏRKƏZİ SEÇKİ KOMİSSİYASI MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Avqustun 24-dəki ümumxalq səsverməsinə (referenduma) hazırlıqla əlaqədar olaraq, avqustun 14-də respublikamızın müxtəlif referendum dairələrində seminar-müşavirələr keçirilmişdir.
Sumqayıtın 38 saylı birinci, 39 saylı ikinci və 40 saylı üçüncü referendum dairələrinin dairə və məntəqə seçki komissiyalarının üzvləri üçün təşkil olunmuş seminar-müşavirədə çıxış edən Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov qarşıdan gələn referendum kimi mühüm dövlət əhəmiyyətli tədbirin yüksək səviyyədə keçirilməsi üçün hər cür şərait yaradıldığından, maarifləndirici və təşviqat xarakterli zəngin materialların yerlərə çatdırıldığından, məntəqə və dairə seçki komissiyalarının normativ sənədlərlə tam təmin olunduğundan danışmışdır. MSK sədri referendumun gedişini çoxminli daxili və xarici müşahidəçilərin izləyəcəyini diqqətə çatdırmış, ümumxalq səsverməsi günü müşahidəçilərin qanunda nəzərdə tutulmuş səlahiyyətlər çərçivəsində fəaliyyəti üçün geniş imkanlar yaradılmasının vacibliyini, komissiya üzvlərinin öz vəzifə borclarını ləyaqətlə yerinə yetirəcəklərinə əminliyini bildirmişdir.
Məzahir Pənahov, habelə tədbirdə iştirak edən MSK üzvləri Azər Tağıyev və Xanmurad Əhmədov çoxsaylı suallara cavab vermişlər.
Respublika üzrə digər seminar-müşavirələri 12 saylı Nizami, 13 saylı Nizami-Xətai referendum dairələrində Qabil Orucov, Azər Tağıyev; 26 saylı Nəsimi birinci və 27 saylı Nəsimi ikinci referendum dairələrində MSK katibi Qüdrət Həsənquliyev və MSK Katibliyi təşkilat şöbəsinin müdiri Zemfira Eminova; 43 saylı Şəki şəhər, 44 saylı Şəki kənd-Qax və 80 saylı Oğuz-Şəki-Qəbələ referendum dairələrində MSK üzvü İlham Məmmədov və MSK Katibliyinin təşkilat şöbəsinin böyük məsləhətçisi Qəzənfər Məmmədov; 51 saylı Ağsu-Kürdəmir, 72 saylı Kürdəmir və 98 saylı Şamaxı-Ağsu referendum dairələrində MSK üzvləri Fuad Cavadov və Adil Minbaşı; 64 saylı Quba-Dəvəçi referendum dairəsində MSK üzvü Ənvər Əliyev və MSK Katibliyi təşkilat şöbəsinin baş məsləhətçisi Əlibaxış Nəsirov; 77 saylı Masallı şəhər, 78 saylı Masallı kənd-Lənkəran və 70 saylı Yardımlı-Masallı referendum dairələrində MSK üzvü Ramiz İbrahimov və MSK Katibliyi beynəlxalq əlaqələr şöbəsinin məsləhətçisi Ramin Nurəliyev; 73 saylı Gədəbəy, 87 saylı Tovuz şəhər, 88 saylı Tovuz kənd-Gədəbəy, 99 saylı Şəmkir şəhər və 100 saylı Şəmkir kənd referendum dairələrində MSK üzvü Tofiq Həsənov və MSK Katibliyi hüquq şöbəsinin məsləhətçisi Məsim Nəsibov; 15 saylı Sabunçu, 16 saylı Sabunçu-Suraxanı, 17 saylı Sabunçu-Əzizbəyov, 18 saylı Əzizbəyov, 19 saylı Suraxanı birinci, 20 saylı Suraxanı ikinci referendum dairələrində MSK üzvləri Mehdi Səlimzadə, Validə Kazımova və MSK Katibliyi təşkilat şöbəsinin baş məsləhətçisi İradə Hacıyeva; 55 saylı Beyləqan və 90 saylı Füzuli referendum dairələrində MSK üzvü Vamiq Əsədov və MSK Katibliyi təşkilat şöbəsinin böyük məsləhətçisi Sergey Sidorenko keçirmişlər.