Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin əməkdaşları üçün Respublika Gənclər Kitabxanasında təlim keçirilib
Bakı, 22 iyul, AZƏRTAC
Cəlilabad, Masallı və Yardımlı rayonlarının Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin (MKS) əməkdaşları Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında təlimdə olublar.
AZƏRTAC xəbər verir ki, kitabxana-informasiya sahəsində biliklərinin artırılması, yeniliklərin müzakirəsi, kitabxanalar arasında peşəkar əlaqələrin möhkəmləndirilməsi məqsədilə keçirilən təlimdə “Vahid Mərkəzləşdirilmiş Kitabxana Portallarında saytların idarə olunması prinsipləri, yeni məlumatların əlavə edilməsi, eləcə də texniki problemlərin aradan qaldırılması yolları”, “ALİSA proqramı - işləmə prinsipi, əməliyyatlar və çətinliklərin müzakirəsi”, “Kitabxanalarda kütləvi tədbirlərin təşkili və kütləvi informasiya vasitələrində təbliği”, “Metodiki vəsaitlərin və multimedia materiallarının hazırlanması prinsipləri, eləcə də proqram təminatı” mövzularında tədris aparılıb. Həmçinin kitabxana mütəxəssisləri arasında kitabxanaların qarşısında duran yeni vəzifələr, eləcə də virtual məkana inteqrasiya və s. mövzularda da fikir mübadiləsi aparılıb.
Təlimin sonuncu günü kitabxananın direktoru Aslan Cəfərov belə təlimlərin keçirilməsinin əhəmiyyətindən danışaraq, bu təcrübənin gələcəkdə də davam etdirilməsinin zəruriyyətini vurğulayıb.
Sonda Cəlilabad rayon MKS-nin direktor vəzifəsini icra edən Qənimət İsrafilova iştirakçılar adından kitabxana kollektivinə keçirilən təlimə, maraqlı və faydalı təcrübə mübadiləsinə görə öz təşəkkürünü bildirib.