Milli Arxiv İdarəsi regionlarda seminar-məşğələlərini davam etdirir
Bakı, 15 oktyabr, AZƏRTAC
Milli Arxiv İdarəsi cari ildə respublika dövlət arxivlərinin rəhbərlərinin və əməkdaşlarının peşə biliklərinin, ixtisaslarının, o cümlədən nəzəri və praktiki bacarıqlarının artırılması məqsədilə yerlərdə seminar-məşğələlərin keçirilməsini davam etdirir.
İdarədən AZƏRTAC-a bildirilib ki, bu dəfə Dövlət Arxivinin Yevlax və Mingəçevir filiallarında növbəti seminar- məşğələ keçirilib. Yevlaxda reallaşan seminarda filialın direktoru Sara Bünyatova, filialın əməkdaşları, həmçinin filialın əhatə dairəsinə daxil olan Bərdə, Tərtər və Xocalı rayon dövlət arxivlərinin müdirləri iştirak ediblər. Seminar- məşğələ Milli Arxiv İdarəsinin əməkdaşları - Natiq Eminov, Həbib Həsənov və Camaləddin Cavadov tərəfindən aparılıb. Seminarlar zamanı cari məsələlər barədə geniş müzakirələr aparılmaqla yanaşı, idarənin əməkdaşları tərəfindən müvafiq tövsiyələr, iş prosesində istifadə edilən metodiki vəsaitlər arxivçilərə verilib.
Seminarlarda arxiv işinin bütün sahələrini əhatə edən mövzular üzrə - arxivlərdə sənədlərin mühafizəsinin təmin edilməsi, milli arxiv fondunun komplektləşdirilməsi, sənədlərin dəyərinin ekspertizası, idarə arxivlərinin işinə nəzarət, sənədlərin istifadəsi və milli arxiv fondunun elektron daşıyıcılara köçürülməsi və dövlət arxivlərində elektron xidmətlərin təşkili üzrə çıxışların və müzakirələrin aparılması nəzərdə tutulub.