SİYASƏT
MİLLİ MƏCLİSDƏ QƏBUL
Aprelin 10-da Milli Məclisin sədri Murtuz Ələsgərov Gürcüstanın müdafiə naziri general-leytenant David Tevzadzeni və onu müşayiət edən şəxsləri qəbul etmişdir.
Murtuz Ələsgərov qonaqları səmimiyyətlə salamlayaraq dedi ki, Gürcüstan və Azərbaycan hərbi idarələri başçılarının görüşləri Cənubi Qafqaz regionunda təhlükəsizliyin möhkəmlənməsinə kömək verir.
Milli Məclisin sədri Gürcüstan-Azərbaycan münasibətlərinin inkişafından söz açaraq bildirdi ki, prezidentlər Heydər Əliyevin və Eduard Şevardnadzenin görüşləri bu münasibətlərin daha yüksək səviyyəyə qaldırılmasına böyük təsir göstərir. Bu görüşlər zamanı imzalanmış sənədlər iki ölkə arasında qarşılıqlı surətdə faydalı əlaqələrin möhkəmlənməsinə yeni təkan vermişdir.
Sonra Murtuz Ələsgərov ikitərəfli münasibətlərin hüquqi bazasının yaradılmasına kömək edən parlamentlərarası əlaqələrin genişləndirilməsindən ətraflı danışdı. O, Gürcüstan parlamentinin sədri Nino Burcanadzenin respublikamıza səfərinin böyük əhəmiyyəti olduğunu, səfər zamanı iki ölkənin qanunvericilik orqanları arasında gələcək əməkdaşlığın perspektivlərinin müəyyənləşdirlidiyini vurğuladı. Milli Məclisin sədri Gürcüstan parlamentinin başçısı ilə bu yaxınlarda Sankt-Peterburqda keçirilmiş görüşünün nəticələri barədə də məlumat verərək bildirdi ki, həmin görüşdə regional təhlükəsizlik problemləri müzakirə edilmişdir.
Parlamentin sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nəticələrindən də danışdı, problemin dincliklə həllinə dair danışıqlar prosesində Ermənistanın qeyri-konstruktiv mövqe tutduğunu vurğuladı. Milli Məclisin sədri dedi ki, ötən ilin 11 sentyabr hadisələrindən sonra antiterror koalisiyasında birləşən Gürcüstan və Azərbaycan terrorizmə, separatizmə qarşı birgə mübarizə aparmalıdırlar.
Səmimi qəbula görə təşəkkür edən David Tevzadze dedi ki, Gürcüstan və Azərbaycan müstəqillik qazandıqdan sonra separatizm problemləri ilə qarşılaşmışlar. Separatizm zəmnində yaranan münaqişələr ölkələrimizin ərazi bütövlüyünü qorumaq üçün bizdən orduları gücləndirməyi tələb edir.
David Tevzadze Azərbaycanın müdafiə naziri ilə protokol imzalandığını və bu sənəddə ölkələrimizin hərbi idarələri arasında əməkdaşlığın üstün istiqamətlərinin müəyyənləşdirildiyini bildirdi. O, enerji daşıyıclarının Gürcüstan ərazisi ilə nəqlinin təhlükəsizliyini təmin etmək və terror qruplarını zərərsizləşdirmək üçün öz ölkəsinin Müdafiə Nazirliyi tərəfindən görülən tədbirlər üzərində də dayandı.
Qəbulda Gürcüstanın Bakıdakı səfiri Zurab Qumberidze, Azərbaycanın Tbilisidəki səfiri Hacan Hacıyev iştirak edirdilər.