SİYASƏT
MİLLİ MƏCLİSDƏ QƏBUL
Aprelin 11-də Milli Məclisin sədri Murtuz Ələsgərov ATƏT-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Piter Burhardı qəbul etmişdir.
Murtuz Ələsgərov qonağı səmimiyyətlə salamlayaraq ümidvar olduğunu bildirdi ki, ən nüfuzlu beynəlxalq təşkilatlardan birinin nümayəndəliyinin başçısı kimi onun fəaliyyəti səmərəli olacaqdır.
Sonra Milli Məclisin sədri Azərbaycanın ATƏT ilə əməkdaşlığı məsələlələri üzərində dayanaraq, 1975-ci il Helsinki yekun aktı əsasında yaradılmış bu təşkilatın Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin bərqərar olmasında böyük əhəmiyyətini qeyd etmişdir.
Murtuz Ələsgərov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsindən danışaraq bildirdi ki, Ermənistan beynəlxalq hüququ tanımır, zəbt olunmuş Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsi barədə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini indiyədək saya salmır. Bu ölkə ATƏT-in Lissabon sammitinin yekun sənədini də imzalamaqdan imtina etmiş və bununla da bu təşkilatın qərarlarına etinasızlıq nümayiş etdirmişlər. Təəssüf ki, münaqişənin nizama salınması üzrə ATƏT-in Minsk qrupunun səyləri də nəticəsiz qalmışdır. Buna görə də mən sizi Dağlıq Qarabağda və ermənilər tərəfindən işğal olunmuş ərazilərdə separatizm və terrorizm siyasətinin kökünün kəsilməsi sahəsində fəal işləməyə çağırıram.
Piter Burhard səmimi qəbula görə təşəkkür edərək dedi ki, ATƏT-in müxtəlif ölkələrində 20 nümayəndəliyi fəaliyyət göstərir ki, onların da ən təzəsi Azərbaycan nümayəndəliyidir. O, nümayəndəliyin yaradılmasını bu təşkilatın ölkəmizdə geniş fəaliyyətinin başlanğıcı kimi qiymətləndirdi.
Piter Burhard daha sonra bildirdi ki, onlar uzunmüddətli tədbirlər planını hazırlayırlar və bu plana Azərbaycanın qanunvericilik orqanı ilə birgə konfranslar və seminarlar keçirmək, qanun yaradıcılığı prosesində texniki və məşvərət yardımı göstərmək daxil edilmişdir.
Qəbulda ATƏT-in Azərbaycanla əməkdaşlığı ilə bağlı bir sıra məsələlər barədə də fikir mübadiləsi oldu.