SİYASƏT
MİLLİ MƏCLİSDƏ QƏBUL
Mayın 16-da Milli Məclisin sədri Murtuz Ələsgərov Yaponiyanın Azərbaycandakı səfiri Tetsuya Xiroseni ölkəmizdə diplomatik missiyasının başa çatması ilə əlaqədar qəbul etmişdir.
Murtuz Ələsgərov səfiri səmimiyyətlə salamlayaraq, Yaponiya-Azərbaycan münasibətlərinin inkişafına onun töhfəsini yüksək qiymətləndirdi.
Milli Məclisin sədri ildən-ilə inkişaf edən iikitərəfli qarşılıqlı surətdə faydalı əməkdaşlıqdan danışaraq vurğuladı ki, Azərbaycan rəhbərliyi dünyanın ən inkişaf etmiş ölkələrindən biri olan Yaponiya ilə iqtisadi əlaqələrin genişləndirilməsinə böyük əhəmiyyət verir. Əlamətdar haldır ki, Yaponiya İkinci dünya müharibəsindən sonra nəinki qısa müddət ərzində iqtisadiyyatını bərpa edə bilmiş, həm də qüdrətli dövlətlər arasında aparıcı yerlərdən birini tutmuşdur. Bu baxımdan biz sizdən nümunə götürməli və iqtisadi əlaqələrimizi möhkəmlətməliyik. Bu əlaqələrin əsası hələ 25 il bundan əvvəl - Sovet hakimiyyəti illərində Azərbaycan Prezidenti Heydər Əliyev tərəfindən qoyulmuşdur. O zaman ölkələrimizin birgə səyi ilə Bakı məişət kondisionerləri zavodu istifadəyə verilmişdi. Hazırda Yaponiyanın bir sıra iri şirkəti Azərbaycanda uğurla fəaliyyət göstərir. Onlar ölkə iqtisadiyyatına xeyli sərmayə qoymuşlar. Bu şirkətlər neft sektorunun inkişafına töhfə verməklə yanaşı, Şimal DRES-in yenidən qurulmasında, habelə Böyük İpək Yolu layihəsinin həyata keçirilməsində də böyük xidmət göstərmişlər.
Sonra parlamentin sədri Azərbaycan Prezidenti Heydər Əliyevin bu günlərdə xarici sahibkarlarla keçirdiyi görüşün əhəmiyyətindən danışaraq, ölkədə iqtisadi islahatların və demokratik dəyişikliklərin həyata keçirilməsində dövlətimizin başçısının əvəzsiz rolunu xüsusi vurğuladı.
Murtuz Ələsgərov ölkəmiz üçün başlıca problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, bu problemin həllində Azərbaycanın ədalətli mövqeyini daim dəstəklədiyinə görə Yaponiya hökumətinə minnətdarlığını bildirdi.
Tetsuya Xirose ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olması barədə deyilənlərlə razılaşaraq, bu münasibətlərin inkişafında Azərbaycan Prezidenti Heydər Əliyevin 1998-ci ildə Yaponiyaya rəsmi səfərinin böyük rol oynadığını xüsusi vurğuladı.
Sonra səfir iqtisadi əməkdaşlığın inkişafı məsələsi üzərində dayanaraq, ötən iki ili kənd təsərrüfatında, kimya sənayesində və digər sahələrdə müxtəlif layihələrin həyata keçirilməsində mühüm dövr adlandırdı. Tetsuya Xirose dedi ki, biz şərq xalqlarıyıq, buna görə də yaponlarla azərbaycanlıların adət-ənənələrində ümumi cəhətlər çoxdur, diplomatların vəzifəsi isə onları daha da yaxınlaşdırmaqdir.