MİLLİ MƏCLİSİN İCLASINDA
Aprelin 23-də Milli Məclisin növbəti ümumi iclası olmuşdur.
İclasa sədrlik edən Milli Məclis sədrinin birinci müavini Arif Rəhimzadə deputatlara məlumat verdi ki, bugünki iclas Türkiyə Böyük Millət Məclisinin yaradılmasının ildönümünə təsadüf edir. Bununla əlaqədar Milli Məclis parlamentlərarası dostluq qrupuna Türkiyə millət vəkillərinə təbrik teleqramı hazırlamağı tapşırdı.
Gündəlik təsdiq edildikdən sonra cari məsələlərə dair müzakirələr oldu.
Sonra deputatlar “Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr olunması barədə məsələni müzakirə etməyə başladılar.
Müzakirələr başlanmazdan əvvəl Arif Rəhimzadə bildirdi ki, bu məsələ Milli Məclisin 5 daimi komissiyasında ilkin müzakirədən keçmişdir. Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov müdafiə məsələləri üzrə qanunvericilik aktlarına dəyişikliklər edilməsi barədə məlumat verərək, “Hərbi qulluqçuların statusu haqqında”, “Azərbaycan Respublikasında hərbi qulluğa çağırışın əsasları haqqında” qanunlarda edilmiş təshihlər üzərində dayandı.
Sosial siyasət daimi komissiyasının sədri Hadı Rəcəbli öz çıxışında şəhidlərin xatirəsinin əbədiləşdirilməsi və şəhid ailələrinin imtiyazları ilə bağlı qanunvericilik aktlarının, habelə əlillərin hüquqlarını tənzimləyən sənədlərin Əmək Məcəlləsinə uyğunlaşdırılması məsələsindən danışdı.
İnsan hüquqları daimi komissiyasının üzvü Rəbiyyət Aslanova bəzi qanunvericilik aktlarına edilmiş dəyişikliklərin və əlavələrin insan hüquqlarının hamılıqla qəbul olunmuş normalarına uyğunluğu barədə deputatlara məlumat verərək, müdafiə məsələləri ilə bağlı qanunvericilik aktları ilə əlaqədar bir sıra təkliflər irəli sürdü.
Deputatlar səs çoxluğu ilə “Azərbaycan Respublikasının Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bütün dəyişiklikləri və əlavələri təsdiq etdilər.
Fasilədən sonra Milli Məclis bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsinin təsdiq olunması və “Azərbaycan Respublikası Mülki Məcəllənin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab olunması barədə məsələni müzakirə etdi.
Müzakirələrdə çıxış edən daimi komissiya sədrləri və deputatlar bəzi qanunların qüvvədən düşmüş müddəaları barədə öz fikirlərini bildirdilər.
Müzakirələrdən sonra müvafiq qərarlar qəbul edildi.