İQTİSADİYYAT
Milli Məlumat Mübadiləsinə 70 qurumun 100-dən çox informasiya sistemi inteqrasiya edilib
Bakı, 17 sentyabr, AZƏRTAC
Rəqəmsal hökumət dövlət xidmətlərinin və daxili proseslərin tam rəqəmsallaşdırılmasını, xidmət və məlumatlara əlçatanlığı artırmaqla, kağızsız hökumətə keçidin təmin edilməsini nəzərdə tutur. Bu istiqamətdə dövlət informasiya ehtiyatları və sistemləri arasında məlumat mübadiləsinin səmərəliliyini artırmaq və əhaliyə elektron xidmətlərin göstərilməsində idarəetməni optimallaşdırmaq məqsədilə “Digital Bridge” – Milli Məlumat Mübadiləsi sistemi təqdim olunur.
AZƏRTAC xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov sentyabrın 17-də Bakıda keçirilən “mygov” platformasının təqdimatında deyib.
“Milli Məlumat Mübadiləsi sistemi keçiricilik qabiliyyətini 4 dəfə artırmaqla, dövlət qurumları arasında məlumat sürətli mübadiləsini mümkün edir. Sistemə 70 qurumun 100-dən çox informasiya sistemi inteqrasiya edilib. “Digital Bridge” üzərindən aparılan məlumat tranzaksiyasının sayı 1 milyardı keçib.
Digər rəqəmsal həll - “digital login” vahid giriş sistemi vasitəsilə vətəndaşlar 145-dən çox hökumət portalındakı xidmətlərdən daha effektiv istifadə edə bilirlər. “digital.login” vətəndaşların rəqəmsal xidmətlərdən istifadəsi üçün 5 mövcud autentifikasiyanı, yəni vətəndaşın kimliyinin tanınması üsullarını sadələşdirir və bu prosesi daha təhlükəsiz edir. Bu isə vətəndaşın vaxtına qənaət edərək, müxtəlif rəqəmsal xidmət portallarına girişi yüksək səviyyədə optimizasiya edir və vətəndaş məmnuniyyətini artırır", - deyə nazir müavini bildirib.