CƏMİYYƏT
Milli Observatoriya 12 mövzuda 9,7 mindən çox respondent arasında sorğular təşkil edib
![Milli Observatoriya 12 mövzuda 9,7 mindən çox respondent arasında sorğular təşkil edib](/files/2023/2/1200x630/16885448561573545773_1200x630.jpg)
Bakı, 5 iyul, AZƏRTAC
Prezident İlham Əliyevin 2019-cu il 4 iyul tarixli Fərmanının icrası olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın yaradılmasından 4 il ötür. Milli Observatoriya əmək, məşğulluq, sosial müdafiə sahələrində səmərəli idarəetmə qərarlarının qəbul edilməsi üçün təkmil monitorinq, təhlil, proqnozlaşdırma sisteminin yaradılması istiqamətində fəaliyyət göstərir. Qurumun fəaliyyəti sorğu-monitorinq, təhlil-tədqiqat, qiymətləndirmə və təlim-inkişaf istiqamətləri üzrə təşkil olunub. Observatoriya tərəfindən ötən dövrdə 12 mövzuda 9,7 mindən çox respondent arasında sorğular təşkil edildiyi bildirilib.
AZƏRTAC xəbər verir ki, bunu Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli qurumun 4 illik fəaliyyətinə dair keçirdiyi mətbuat konfransında bildirib.
İdarə Heyətinin sədri, həmçinin yuxarı sinif şagirdləri arasında peşə seçimi ilə bağlı sorğu keçirildiyi, şagirdlərin təhsil perspektivləri, peşə və ixtisas seçiminə təsir edən faktorlar, məqsədyönlü ixtisas seçimini təşviq edən amillər kimi vacib məsələlərin öyrənildiyini diqqətə çatdırıb.
Eyni zamanda, sosial islahatlar, bacarıqların proqnozlaşdırılması, peşə təhsili və s. ilə bağlı aparılan təhlillərdən bəhs olunub. İqtisadiyyatın rəqabətədavamlı kadrlarla təmin edilməsi üçün peşə və ixtisaslara, zəruri bacarıqlara və səriştələrə dair tələblərin, strateji məşğulluq sahələrinin müəyyən olunması sahəsində aparılan sorğu və təhlillər diqqətə çatdırılıb.
Bu sorğu və təhlillərin nəticələrinə uyğun olaraq müvafiq sahələr üzrə təkliflərin, proqnozların hazırlandığı qeyd olunub.