İQTİSADİYYAT
Milli Radiomonitorinq Şəbəkəsi onlayn rejimində işləyəcəkdir
Bakı, 12 aprel (AZƏRTAC). Azərbaycanda Milli Radiomonitorinq Şəbəkəsi yaradılır.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsindən AZƏRTAC-a bildirmişlər ki, radiomonitorinq sistemi bütün radioelektron vasitələrin qeydiyyatını, bu avadanlıqdan qeydiyyatsız istifadənin qarşısının alınmasını, tezliklərin düzgün, səmərəli istifadəsini, efirə nəzarəti, onun kənar maneələrdən qorunmasını nəzərdə tutur. Layihə üzrə işlər Mehdiabad, Günəşli və Sahil qəsəbələrində başa çatmışdır. Bu istiqamətdə işlər regionlarda da həyata keçiriləcəkdir.
Radiomonitorinq şəbəkəsi yeni texnologiyalar əsasında 5 regional mərkəz və onun alt məntəqələrindən uzaqdan idarəetmə sistemi ilə, onlayn rejimində bütün respublikanı əhatə edəcəkdir. Yeni şəbəkə kiberməkanın təhlükəsizliyinin təmini baxımından da çox əhəmiyyətlidir.