MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRLİYİ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Mayın 21-24-də milli təhlükəsizlik nazirinin müavini Sərhəd Qoşunları komandanı general-mayor Elçin Quliyevin başçılıq etdiyi nümayəndə heyəti Polşa Sərhəd Mühafizə Xidmətinin dəvəti ilə həmin ölkədə rəsmi səfərdə olmuşdur.
Səfər zamanı qanunsuz miqrasiya, narkotik maddələrin qaçaqmalcılığına və mütəşəkkil cinayətkarlığın digər təzahürlərinə qarşı mübarizə sahəsində əməkdaşlıq məsələləri ətrafında müzakirələr aparılmışdır. Polşa Sərhəd Mühafizə Xidmətinin rəisi general-mayor Yozef Klirmoviç bu əməkdaşlığın inkişafında öz ölkəsinin maraqlı olduğunu və əlaqələrin yeni mərhələsində Azərbaycana hərtərəfli kömək ediləcəyini bildirmişdir. Hər iki ölkənin sərhəd qoşunlarının rəhbərləri ATƏT-in və Beynəlxalq Miqrasiya Təşkilatının dəstəyi ilə keçirilən bu səfərin nəticələrinin Avropa dövlətlərinin təhlükəsizliyi üçün əhəmiyyətli olduğunu vurğulamışlar.
General-mayor Elçin Quliyev Azərbaycanda sərhəd mühafizəsi problemlərindən danışarkən dövlət sərhədlərimizin bir hissəsinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunduğu, nəzarətsiz qalan sahələrdən cinayətkar məqsədlər üçün istifadə edildiyi barədə məlumat vermiş, Ermənistanın xüsusi xidmət orqanlarının bilavasitə rəhbərliyi ilə Azərbaycanda törədilmiş terror aktları haqqında rəsmi materiallar təqdim etmişdir.
Polşa görüşlərində Avropa sərhəd xidmətləri rəhbərlərinin bu yaxınlarda Macarıstanın Şiofolq şəhərində keçirilmiş konfransının yekunları müzakirə edilmiş, tranzit ölkə olan və münaqişə zonalarının əhatəsində yerləşən Azərbaycanın miqrasiya axını üzərində nəzarətinin daha da gücləndirilməsi zəruriliyinə toxunulmuşdur. Tədbirdə iştirak edən ATƏT-in və Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri Azərbaycanın Sərhəd Qoşunlarında aparılan islahatları və Binə hava limanında sərhəd nəzarətinin beynəlxalq standartlara uyğun təşkilini yüksək dəyərləndirmişlər.
Azərbaycanin nümayəndə heyəti dost ölkədə sərhəd nəzarəti işinin təşkili, kadr hazırlığı və struktur islahatlarının gedişi ilə də tanış olmuşdur. Müzakirələr nəticəsində Azərbaycan və Polşa Sərhəd Qoşunları arasında qeyri-qanuni miqrasiya, narkotik maddələrin və kütləvi qırğın silahları komponentlərinin qaçaqmalçılığına qarşı mübarizədə ikitərəfli əməkdaşlığın genişləndirilməsinə, o cümlədən, informasiya mübadiləsinə dair Protokol layihəsinin hazırlanması, kadr hazırlığı və texniki təchizat sahəsində əməkdaşlığın inkişafı, hava limanlarında sərhəd nəzarətinin təkmilləşdirilməsi istiqamətində təcrübə mübadiləsinin təşkili barədə razılıq əldə olunmuşdur. Həmin razılığa əsasən Azərbaycan Sərhəd Qoşunlarının 15 hərbi qulluqçusunun Polşadakı təlim mərkəzlərində birillik zabit hazırlığı kurslarında təhsil alması nəzərdə tutulmuşdur.