MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRLİYİNDƏ QƏBUL
Namiq Abbasov qonaqları salamlayaraq, nümayəndə heyəti üzvlərinin Bakıda apardıqları fikir mübadiləsindən razı qaldığını söyləyərək dedi ki, bu, Azərbaycan MTN ilə MDB Antiterror Mərkəzi arasında əməkdaşlığın daha da genişləndirilməsinin əsasını qoymuşdur. MTN-in başçısı beynəlxalq terrorizmlə mübarizənin aktuallığından danışaraq vurğuladı ki, son 10 ildə Azərbaycan bu təhlükəli bəlaya - erməni terrorizminə məruz qalmışdır. O, terror aktları törətmiş şəxslərin yaxalanmasında Azərbaycana kömək göstərilməsində Rusiyanın xüsusi xidmət idarələrinin müsbət rolunu qeyd etdi. Məsələn, Bakı-Moskva marşrutu ilə gedən sərnişin qatarlarında partlayışlar təşkil etməkdə ittiham olunan Ermənistan xüsusi xidmət idarələrinin bir sıra nümayəndələri Azərbaycan MTN-in və Rusiya Federal Təhlükəsizlik Xidmətinin birgə əməliyyatı sayəsində 1994-cü ilin mayında yaxalanmışlar. Həmin terror əməlləri nəticəsində 47 adam həlak olmuş, 87 nəfər yaralanmışdır. Son məlumata görə, ermənilərin Azərbaycan ərazisində törətdikləri terror əməlləri nəticəsində ölkəmizin 1568 vətəndaşı həlak və 1808 nəfəri şikəst olmuşdur.
Namiq Abbasov nəzərə çarpdırdı ki, Azərbaycan terrorizmlə mübarizə sahəsində aparılan beynəlxalq əməliyyatlarda həmişə yaxından iştirak etmişdir. 1998-ci ildən bəri ABŞ bu bəla ilə mübarizədə köməyə görə Azərbaycan rəhbərliyinə daim minnətdarlığını bildirir. 1994-cü ildən 2000-ci ilədək Azərbaycanın xüsusi xidmət idarələri dövlət çevrilişi məqsədi ilə ölkə başçısına 7 qəsd cəhdinin qarşısını almışlar.
MTN-in başçısı bildirdi ki, Azərbaycan müxtəlif ölkələrin xüsusi xidmət idarələri ilə, ilk növbədə, rusiyalı həmkarları ilə əməkdaşlığı inkişaf etdirmək istəyir.
Boris Mılnikov Antiterror Mərkəzinin struktur quruluşu barədə məlumat verərək qeyd etdi ki, o, 85 faiz komplektləşdirilib, iqamətgahı Bişkekdə olan Mərkəzi Asiya şöbəsi yaradılıbdır. O, əməkdaşlığın müxtəlif cəhətlərindən söz açaraq, Mərkəzin nəzdində ixtisaslaşdırılmış məlumat bankı yaradılmasının zəruriliyini vurğuladı.
Görüşün sonunda Namiq Abbasov və Boris Mılnikov jurnalistlərin suallarına cavab verdilər. Azərbaycan MTN-in başçısı dedi ki, keçirilmiş görüşlər və fikir mübadiləsi nazirliklə Mərkəz arasında gələcək əməkdaşlığın əsasını qoydu, müəyyən razılaşmalar əldə olundu.