İQTİSADİYYAT
Mingəçevir şəhərinin yeni Baş planı hazırlanır
![Mingəçevir şəhərinin yeni Baş planı hazırlanır](/files/2014/2/1200x630/14087125451876048276_1200x630.jpg)
Mingəçevir, 7 avqust (AZƏRTAC). Mingəçevirdəki Heydər Əliyev Mərkəzində şəhərin yeni Baş planının ilkin versiyasının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə şəhər icra hakimiyyəti başçısının müavini İlham İsmayılov Mingəçevirin sonuncu Baş planının 1978-ci ildə təsdiq olunduğunu diqqətə çatdırıb. Bildirib ki, 11 il əvvəl bu planın müddəti bitib. Hazırda şəhərdə Baş plansız işlərin aparılması qeyri-müəyyənlik yaradır. Məhz bu səbəbdən 2012-ci il oktyabrın 18-dən yeni planın hazırlanması üçün tender elan olunub. Artıq Sankt- Peterburq şəhərində fəaliyyət göstərən “R.İ.S.K” elmi-istehsalat şirkəti bu tenderdə qalib gəlib. Hazırda layihənin hazırlanması istiqamətində işlər davam etdirilir.
Mərasimdə “R.İ.S.K” elmi-istehsalat şirkətinin nümayəndəsi Vaqif Səfixanlı videoslaydlar vasitəsilə Baş planın ilkin versiyası və cizgilərini təqdim edib. Bildirib ki, bu təqdimat məlumatlandırma üçündür. Bu, 5 mərhələli plandır. Hazırda 3-cü pillədəyik. Üç aydan sonra hər kəsə yeni Baş planla ətraflı tanışlıq olmaq imkanı yaradılacaq. Həmçinin vətəndaşlar mingachevir-plan.blogspot.com saytına daxil olmaqla öz fikir və təkliflərini verə bilərlər. Gələn ilin aprelinədək layihə tam hazır olacaq.