Mingəçevirdə aparılan abadlıq-quruculuq işlərində gənclər fəal iştirak edirlər
Mingəçevir, 2 fevral, Rauf Hacıyev, AZƏRTAC
Respublikamızın bütün bölgələrində olduğu kimi, Mingəçevir şəhərində də 2 fevral - Gənclər Günü münasibətilə təntənəli tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Gənclər Günü münasibətilə Gənclər və İdman İdarəsinin, Gənclər Evinin təşəbbüsü ilə şəhərin müxtəlif yerlərində 100-dən çox ting əkilib.
Sonra tədbir iştirakçıları şəhər icra hakimiyyətinin dəstəyi, Gənclər və İdman İdarəsinin, Gənclər Evinin təşkilatçılığı ilə Mingəçevirin inkişafının, Milli Ordumuzun qələbəsinin, eləcə də gənclərin ictimai sahədə və idmandakı uğurlarının əks olunduğu əl işlərindən ibarət sərgiyə baxıblar.
Tədbirdə çıxış edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov gənclərə xoş arzu və istəklərini çatdırıb.
Bildirilib ki, ulu öndər Heydər Əliyevin uğurlu siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyev gənclərə böyük diqqət və qayğı göstərir, onların daha fəal mövqe tutmaları üçün bütün imkan və vasitələrdən istifadə edir.
İlham İsmayılov son vaxtlar Mingəçevirdə aparılan abadlıq-quruculuq işlərində gənclərin fəal iştirak etdiyini də vurğulayıb.
Daha sonra Mingəçevir şəhərinin ictimai həyatında fəal iştirakına görə bir qrup gənc şəhər icra hakimiyyətinin fəxri fərmanı ilə təltif olunub.
Çıxış və təltiflərdən sonra bayram tədbiri konsert proqramı ilə davam edib.