CƏMİYYƏT
Mingəçevirdə məktəblilər yol polisinin xidməti fəaliyyəti ilə tanış olublar
Bakı, 1 iyun, AZƏRTAC
Mingəçevirdə məktəblilər Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinə (DYPB) ekskursiya ediblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, “Yol polisimizlə bir gün” adlı tədbirdə DYPB-nin təbliğat və təşviqat üzrə inspektoru Xətai Məmmədov şagirdlərə yol polisinin xidməti fəaliyyəti, sürücülərin və piyadaların rahat, təhlükəsiz hərəkəti üçün görülən işlər barədə məlumat verib. Məktəblilər növbətçi hissədə, xidməti otaqlarda olublar.
Sonra ekskursiya şəhər ərazisində davam etdirilib. Şagirdlərə YPX-nin xidməti avtomobillərində quraşdırılan sistem barədə məlumat verilib. Şəhər ərazisindəki piyada keçidlərindən, işıqfordan istifadə, yol hərəkəti qaydaları əyani şəkildə onlara izah olunub.
Sonda bölmə rəisi Cəmşid Abbasov azyaşlılara yollarda diqqətli olmalarını tövsiyə edib və yol hərəkəti qaydalarına əməl etməyə çağırıb.