Mingəçevirdə ulu öndər Heydər Əliyevin doğum günü təntənə ilə qeyd olunub
Mingəçevir, 11 may, Şahnəzər Bəşirov, AZƏRTAC
Xoşbəxt xalqıq ki, Uca Yaradan Azərbaycana ulu öndər Heydər Əliyev kimi tarixi şəxsiyyət, böyük lider bəxş edib. Məhz ölkəmizdə əldə edilən nailiyyətlər, qazanılan bütün uğurlar bu tarixi şəxsiyyətin uzaqgörən və son dərəcə dəqiqliklə müəyyən etdiyi ictimai-siyasi kursun reallaşdırılması nəticəsində mümkün olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Mingəçevir Turizm Kollecində təşkil edilən “Əbədiyaşar lider” mövzusunda elmi-nəzəri konfransda səsləndirilib.
Əvvəlcə dahi şəxsiyyət Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Kollecin direktoru, professor Əyyub Əyyubov tədbirdə çıxış edərək ümummilli lider Heydər Əliyevin şərəfli ömür yolundan, çoxşaxəli siyasi fəaliyyətindən və Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətindəki misilsiz xidmətlərindən ətraflı söhbət açıb. O, çıxışında dahi şəxsiyyət Heydər Əliyevin irsinə xalqın əbədi bağlılığını, bu irsin Azərbaycan xalqını və dövlətini uğurdan-uğura daşıdığını qeyd edib.
Təhsil ocağının müəllimləri “Dünya şöhrətli siyasi xadim”, “Azərbaycanın özü qədər əbədiyaşar”, “Heydər Əliyev Azərbaycan xalqının xilaskarıdır” və “Ulu öndər Heydər Əliyevin mənalı ömür yolu” mövzularında məruzələrlə çıxış ediblər.
Konfrans tələbə özfəaliyyət qrupu tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiyanın nümayişi ilə başa çatıb.
Sonra ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə keçirilmiş idman, rəsm və inşa müsabiqələrinin qalibləri mükafatlandırılıb.
Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə Mingəçevir Turizm Kollecində silsilə tədbirlər keçirilib. Bir həftə ərzində təhsil ocağında “dəyirmi masa” təşkil olunub, kitab sərgisi, idman turniri, ən yaxşı inşa, rəsm və divar qəzetləri müsabiqələri keçirilib.
Tədbirin sonunda iştirakçılar tələbələrin əl işlərindən ibarət rəsm sərgisi ilə tanış olublar.