Mingəçevirli gənclər hərbi xidmətə təntənə ilə yola salınıb
Mingəçevir, 12 aprel, Şahnəzər Bəşirov, AZƏRTAC
Mingəçevir şəhərində yaşayan çağırışçı gənclər həqiqi hərbi xidmətə yola salınıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Mingəçevir şəhər Heydər Əliyev Mərkəzinin qarşısında keçirilən gənclərin həqiqi hərbi xidmətə yola salınması mərasimində şəhər icra hakimiyyətinin, idarə və təşkilatların, eləcə də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinin rəhbər şəxsləri, hüquq mühafizə orqanlarının əməkdaşları, təhsil işçiləri, ağsaqqallar, gənclər, müharibə veteranları, valideynlər iştirak ediblər.
Gənclər əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini önünə gül dəstələri düzərək, dahi şəxsiyyətin xatirəsini dərin ehtiramla yad ediblər.
Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsindən sonra çıxış edənlər ordu sıralarına yola düşən gənclərə uğurlu hərbi xidmət arzulayıblar.
Qeyd edilib ki, bu gün Azərbaycanın Silahlı Qüvvələri mənfur düşməni hər an məhv etməyə qadir güclü maddi-texniki bazaya malikdir. Azərbaycan Ordusu regionun ən güclü və yüksək hərbi hazırlığa malik peşəkar ordusudur və istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir. Milli Ordumuzun 2016-cı ilin aprel ayında qazandığı qələbədən sonra ölkəmizin hər bir vətəndaşında, xüsusilə də gənclərdə böyük ruh yüksəkliyi yaranıb. Aprel qələbəsi ordumuzun gücünü, bacarığını bütün dünyaya nümayiş etdirib.
Tədbir iştirakçıları çağırışçı gənclərə Vətənin keşiyində ayıq-sayıq dayanmağı, komandirlərin hər bir tapşırığını vaxtında yerinə yetirməyi, hərbi texnikanın sirlərinə dərindən yiyələnməyi, düşməndən şəhidlərimizin qisasını almağı tövsiyə ediblər.
Mərasimdə məktəblilərin və incəsənət ustalarının ifasında hərbi-vətənpərvərlik mövzusunda şeirlər və mahnılar ifa edilib.
Konsert proqramından sonra çağırışçı gənclər təntənəli marşın sədaları altında üçrəngli bayrağımızı öpüb, müqəddəs “Qurani-Kərim”in altından keçərək ordu sıralarına yola düşüblər.