İQTİSADİYYAT
MİQRASİYA PROSESLƏRİNİN TƏNZİMLƏNMƏSİ İŞİ TƏKMİLLƏŞDİRİLİR
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “Azərbaycan Respublikasında Dövlət Miqrasiya İdarəetmə Proqramı”nın hazırlanması üzrə Hökumət Komissiyasının iclası keçirilmişdir.
İclasa respublikamızda miqrasiya problemlərinin həllində iştirak edən bütün nazirlik və komitələrin nümayəndələri dəvət olunmuşdular.
Komissiyanın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev ölkəmizdə miqrasiya proseslərindən danışdı, ABŞ-da baş vermiş 11 sentyabr terror hadisələrindən sonra Azərbaycan Prezidentinin bu proseslərin tənzimlənməsi işinin təkmilləşdirilməsinə böyük önəm verdiyini bildirdi. Son vaxtlar həyata keçirilən tədbirlərdən söhbət açan nazir miqrasiya siyasəti konsepsiyasının və adı çəkilən Proqramın hazırlanıb hökumətə təqdim edilməsinin vacibliyini vurğuladı.
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Yoost van-der Aalst bu təşkilat tərəfindən respublikamızda həyata keçirilən proqramlardan və onun nəticələrindən danışdı, miqrasiya proseslərinin tənzimlənməsində və idarə olunmasında beynəlxalq dialoqların əhəmiyyətini diqqətə çatdırdı.
Respublika xarici işlər, milli təhlükəsizlik, daxili işlər nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin nümayəndələri ölkəmizdə miqrasiya proseslərinin tənzimlənməsi işinin daha da təkmilləşdirilməsi barədə təkliflərini söylədilər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Miqrasiya idarəsinin rəisi Rauf Tağıyev Dövlət miqrasiya siyasəti konsepsiyası layihəsi üzərində işin gedişi barədə məlumat verdi.
İclasda miqrasiya proseslərinin tənzimlənməsinə dair hüquqi-normativ sənədlərin hazırlanmasını sürətləndirmək üçün mütəxəssislərdən ibarət işçi qrupu yaradıldı və ona tapşırıldı ki, dövlət miqrasiya siyasəti konsepsiyasının layihəsini bir ay müddətində hazırlayıb komissiyaya təqdim etsin.
Nazir Əli Nağıyev iclasa yekun vurdu.