DÜNYA
Misirdə koronavirusun “omikron” variantı sürətlə yayılır
![Misirdə koronavirusun “omikron” variantı sürətlə yayılır](/files/2022/1/1200x630/16424991985729823718_1200x630.jpg)
Qahirə, 18 yanvar, AZƏRTAC
Misirdə son günlər COVID-19-a yoluxma hallarının kəskin şəkildə artması “omikron” variantının sürətlə yayılması ilə bağlıdır.
AZƏRTAC xəbər verir ki, bu bəyanatı Misir Prezidentinin səhiyyə müşaviri Məhəmməd Avad Tac Əl-Din jurnalistlərə müsahibəsində səsləndirib. Onun sözlərinə görə, ölkədə pandemiyanın dördüncü dalğası davam edir və “omikron” variantını son günlər geniş yayılmış mövsümi qrip infeksiyasından ayırd etmək üçün irimiqyaslı test kampaniyasına start verilib. Səhiyyə müşaviri əlavə edib ki, tezliklə Misirin farmasevtika müəssisələri COVID-19 əleyhinə dərmanların istehsalına başlayacaq.
Misirin Səhiyyə Nazirliyi son sutkada 1232 nəfərin COVID-19-a yoluxduğunu bildirib. Yeni növ koronavirusdan ölüm halları da artaraq 31-ə çatıb. Nazirlik də, öz növbəsində, mövsümi qrip əlamətləri olan pasiyentləri “omikron” ehtimalına qarşı test verməyə, həmin vaxta qədər ailə üzvləri ilə təmasda olmamağa çağırıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbir
Qahirə