İQTİSADİYYAT
Mobil nömrələrin satışı və sənədləşdirilməsi zamanı yaranan problemlər aradan qaldıracaq
Bakı, 7 avqust (AZƏRTAC). Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzində “Azercell” , “Bakcell” və “Azerfon” mobil operatorlarının nümayəndələri ilə görüş keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə mobil nömrələrin satışı və sənədləşdirilməsi prosesi zamanı yaranan problemlərin tənzimlənməsi məsələləri müzakirə olunub. Qeyd edilib ki, mobil nömrələrin satışı və sənədləşdirilməsi pərakəndə şəkildə aparıldığından, məlumatlar sistemə əl ilə daxil edildiyindən tez-tez qeyri-dəqiqliyə yol verilir. Bu da vətəndaşların şəxsiyyət vəsiqələrindəki məlumatlarla mobil operatorların abunəçi bazalarındakı məlumatlar arasında uyğunsuzluqlara gətirib çıxarır.
Problemin həlli üçün mobil operatorlara mərkəzləşmiş qaydada “Elektron hökumət” portalı üzərindən müvafiq servisin verilməsi məqsədəuyğun hesab olunub. İlkin olaraq müqavilə layihəsinin və texniki şərtlərin hazırlanması və birgə razılaşdırılması qərara alınıb. Layihə istifadəyə verildikdən sonra abunəçinin şəxsiyyət vəsiqəsinin nömrəsi və FİN kodu kompyuterə daxil ediləcək və məlumatlar Daxili İşlər Nazirliyinin məlumat bazasından avtomatik olaraq yoxlanılacaq Aktivləşən mobil telefon nömrəsi informasiya sistemlərində həmin anda əksini tapacaq.
Eyni zamanda mobil operatorların abunəçi bazalarının dəqiq formalaşması bir sıra sənədləşmə (bank, alqı-satqı və s.) prosesləri zamanı yaranan problemləri də aradan qaldıracaq və interaktiv SMS xidmətlərinin inkişafına təkan verəcək.