SİYASƏT
Moskvada MDB İqtisadi Şurasının 57-ci iclası keçiriləcəkdir
Moskva, 14 mart (AZƏRTAC). Moskvada MDB İqtisadi Şurasının 57-ci iclası keçiriləcəkdir. Birliyin İcraiyyə Komitəsinin mətbuat xidmətinin rəisi Vladimir Nikanorov AZƏRTAC-a bildirmişdir ki, iclasın gündəliyinə MDB ölkələrinin biznes sahəsində qarşılıqlı fəaliyyəti məsələlərinin geniş kompleksi daxildir.
Bir sıra sənədlərin layihələri, o cümlədən MDB ölkələrinin 2020-ci ilədək dövr ərzində Dövlətlərarası innovasiya əməkdaşlıq proqramının dövlətlərarası pilot innovasiya layihələrinin Siyahısı, həmsərhəd ərazilərdə təbii yanğınların profilaktikası və söndürülməsi haqqında sazişlər, MDB İqtisadi Məhkəməsinin statusu haqqında sazişlər, 2013-2017-ci illərdə MDB ölkələrində radionaviqasiyanın inkişafı planının əsas istiqamətləri, “Radionaviqassiya” Dövlətlərarası Elmi İnformasiya Sistemi haqqında əsasnamələr, Hökumətlərarası Yol İşçiləri Şurasının Nizamnaməsinin yeni redaksiyası müzakirə ediləcəkdir.
İclas iştirakçıları MDB ölkələrinin 2020-ci ilədək dövr ərzində Dövlətlərarası innovasiya əməkdaşlıq proqramının, Birlik ölkələrinin həmsərhəd ərazilərdə əməkdaşlığı haqqında Konvensiyasının, Milli məlumat bazalarının yaradılması və intellektual mülkiyyət sahəsində hüquq pozuntularının qabaqlanması və qarşısının alınması üzrə dövlətlərarası informasiya mübadiləsinin təşkili haqqında Konvensiyanın 2012-ci ildə icrasının gedişatı haqqında informasiya dinləyəcəklər.
İqtisadi Şuranın üzvlərinə rabitə sahəsində regional birliyin, atom enerjisindən dinc məqsədlərlə istifadə olunması üzrə MDB ölkələri Komissiyasının fəaliyyəti haqqında hesabatlar təqdim olunacaqdır.
İclasın gündəliyində reklam sahəsində fəaliyyət və MDB-nin sığorta xidmətləri bazarının inkişaf etdirilməsi məsələləri xüsusi yer tutacaqdır. İclasda Birlik ölkələrinin bu sahədə qazandıqları nailiyyətlər barədə ətraflı məlumat veriləcəkdir.
İclasda Rusiya Elmi Tədqiqat Atom Reaktorları İnstitutuna MDB ölkələrinin baza təşkilatı statusunun verilməsi məsələsi müzakirə olunacaq, dövlət maddi ehtiyatlar sistemlərinin elmi-texniki inkişafı, elmi-texniki informasiya sahəsində kadrların yenidən hazırlanmasının və ixtisasının artırılmasının təşkili istiqamətində Birlik ölkələrinin baza təşkilatlarının fəaliyyəti təhlil ediləcəkdir.
İclas iştirakçıları bəzi büdcə-maliyyə məsələlərini də müzakirə ediləcəklər.