MƏDƏNİYYƏT
“Müasir Azərbaycan memarlığının problemləri” mövzusunda elmi-praktik konfrans keçirilmişdir
Bakı, 19 aprel (AZƏRTAC). Azərbaycanın tanınmış ictimai xadimi, Milli Elmlər Akademiyasının müxbir üzvü, maarifçi-alim Ənvər Qasımzadənin anadan olmasının 100 illik yubileyi münasibətilə Memarlıq və İnşaat Universitetində “Müasir Azərbaycan memarlığının problemləri” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, universitetin rektoru Gülçöhrə Məmmədova Azərbaycanın milli memarlıq sənətində özünəməxsus yeri olan Ə.Qasımzadənin keçdiyi şərəfli yoldan danışmışdır.
Təhsil naziri Misir Mərdanov Ə.Qasımzadənin elmi yaradıcılığının indiki nəsil üçün dəyərli bir örnək olduğunu demiş, onun həyat və fəaliyyətinə dair kitabın yazılıb nəşr olunmasını tövsiyə etmişdir.
Universitetin prorektoru Nərgiz Məmmədova bildirmişdir ki, Ə.Qasımzadə Azərbaycanın XX əsr memarlıq tarixində parlaq bir iz qoymuş insandır.
Konfrans iştirakçıları, eləcə də vaxtilə onunla birlikdə işləyən Nurqələm Mikayılov, Rəhim Şükürov və başqaları Ə.Qasımzadənin II Dünya müharibəsi illərində Berlinə qədər keçdiyi döyüş yolundan, milli memarlıq sənətimizin inkişafına verdiyi dəyərli töhfələrdən danışmışlar.
Qeyd olunmuşdur ki, Ə.Qasımzadə hansı vəzifədə çalışmasından asılı olmayaraq, Vətənini sevən bir insan olmuşdur.
Altmışdan çox elmi monoqrafiya və məqalənin müəllifi olan memarın layihəsi əsasında tikilən çoxsaylı binalar bu gün də paytaxtımıza xüsusi yaraşıq verir.
Konfransda Beynəlxalq Memarlıq İttifaqının Minskdə keçirilən müsabiqəsində qalib gələn layihələrin və həyata keçirilmiş tikililərin müəlliflərinə mükafatlar təqdim edilmişdir.
Görkəmli memarın oğlu Elbəy Qasımzadə mərasim iştirakçılarına minnətdarlığını bildirmişdir.
Sonda akademik Ə.Qasımzadənin həyat və yaradıcılığına həsr olunmuş film nümayiş olunmuşdur.