QAN YADDAŞI
“MUROVDAĞ AŞIRIMININ SİRRİ” KİTABINDA MÜXTƏLİF XALQLARI TƏMSİL EDƏN YAZIÇILARIN 20 YANVAR FACİƏSİNƏ MÜNASİBƏTİ ƏKSİNİ TAPMIŞDIR
Bakı, 15 yanvar (AZƏRTAC). Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda 20 yanvar faciəsinin 20 illiyinə həsr olunmuş kitabın təqdimat mərasimi keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
“Nurlan” nəşriyyatında rus dilində çapdan çıxmış “Murovdağ aşırımının sirri” (“Тайна Муровдагского перевала”) kitabında azərbaycanlı müəlliflərlə yanaşı, rus, tatar, yəhudi müəlliflərin əsərləri də toplanmışdır. Müəlliflər Azərbaycan xalqının başına gətirilən bu faciənin səbəbkarlarını lənətləmişlər.
AYB-nin katibi, xalq yazıçısı Çingiz Abdullayev, Milli Məclisin deputatı Elmira Axundova, kitabın tərtibatçısı, professor Həsən Quliyev və başqaları 20 Yanvar faciəsinə ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra siyasi qiymət verildiyini diqqətə çatdırmışlar. Azərbaycan xalqının qəhrəmanlıq tarixi olan bu günün gələcək nəsillərə çatdırılması üçün hələ çox işlərin görülməli olduğunu xatırladan natiqlər, müəlliflərin həssaslıqla yazdıqları əsərlərin bədii gücündən danışmışlar.
Qeyd edilmişdir ki, poeziya nümunələrinin də toplandığı kitabda yazıcı-publisist Elmira Axundova, gənc yazıçılar Günel Anarqızı, Gülxan İmanova ilə yanaşı, Yelena Andreyeva, Yelizaveta Kasayeva, Viktor Tatarenko, Elbert Tuqanov kimi qeyri-azərbaycanlı müəlliflər sovet hərbi birləşmələrinin Bakıda törətdikləri bu qanlı aksiyalara kəskin etirazlarını bildirmişlər.
Tədbirdə çıxış edən Azərbaycanın Milli Qəhrəmanı, polkovnik Fəxrəddin Cəbrayılov, Bakı Slavyan Universitetinin müəllimi Ülviyyə Muradlı, 143 nömrəli məktəbin rus dili müəllimi Şəfəq Xudiyeva 20 Yanvar faciəsinin bəzi məqamlarını əks etdirən bu kitabı yüksək qiymətləndirmiş və nəşrdə yer alan əsərlərin dərsliklərə salınmasını və ingilis dilinə tərcümə edilərək, dünya ictimaiyyətinə çatdırılmasını təklif etmişlər.
######