SİYASƏT
Müstəqil Azərbaycan son 10 ildə xüsusi inkişaf yoluna qədəm qoymuşdur
Bakı, 17 oktyabr (AZƏRTAC). Ötən beş ildə Azərbaycanın apardığı siyasət nəticəsində müasir Ermənistan ərazilərinin qədim torpaqlarımız olması barədə fikirlər beynəlxalq aləmə təqdim edilmişdir. İndiki Ermənistan isə həmişə müxtəlif qüvvələrin əlində region dövlətlərinə, xüsusilə Azərbaycana qarşı alət olmuşdur. Müstəqil Azərbaycan son 10 ildə xüsusi inkişaf yoluna qədəm qoymuş, çoxlu təhdidləri aradan qaldırmışdır. Çünki erməni siyasətçilərinin indiki düşüncə tərzi müstəqil Azərbaycanın gələcək inkişafı üçün ən böyük təhdiddir. Azərbaycanın apardığı siyasət bu təhdidlərin aradan qaldırılacağına inanmağa tam əsas verir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin (SİTM) sədri, politoloq Mübariz Əhmədoğlu oktyabrın 17-də “Qarabağ saatı” mövzusunda keçirdiyi növbəti mətbuat konfransında demişdir.
Mətbuat konfransında M.Əhmədoğlu diqqəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair son proseslərə yönəldərək məsələnin həlli ilə bağlı rəsmi Bakının mövqeyinin daha da gücləndiyini vurğulamışdır.
SİTM-in sədri demişdir ki, Ermənistanın beynəlxalq maliyyə qurumlarına xarici borcu günbəgün artır, bu ölkədə yoxsulluq qarşısıalınmaz prosesə çevrilir. M.Əhmədoğlu bildirmişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması işğalçı ölkədə sosial-iqtisadi vəziyyəti daha da çətinləşdirmişdir.
Politoloq vurğulamışdır ki, rəsmi Yerevanın apardığı siyasət nəticəsində Dağlıq Qarabağ münaqişəsi ermənilərin əlindəki bütün geosiyasi, humanitar və maliyyə ehtiyatlarını iflasa uğratmışdır.
Bu gün Ermənistan dünya ölkələri tərəfindən ələ salınan, xarici borcu 7,5 milyard dollar olan oyuncaq bir dövlətdir. İşğalçı dövlətin düşdüyü acınacaqlı vəziyyət onun başladığı Dağlıq Qarabağ münaqişəsi nəticəsində yaranmışdır.
SİTM-in sədri hesab edir ki, Ermənistan prezidentinin atdığı addımlar onu məğlubiyyətə yaxınlaşdırır. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından nə qədər tez çıxsa, bir o qədər tez özünü problemlərindən azad etmiş olar. Azərbaycanın dövlət müstəqilliyi əbədidir və öz gücünə arxayındır. Ermənilərin bir daha azərbaycanlılara qarşı belə xəyanət etməsinə imkan verməməyə ölkəmizin gücü çatacaqdır.
Azərbaycanın hərbi qüdrətinin və döyüş potensialının daim artdığını deyən M.Əhmədoğlu, işğalçı ölkənin hərbi gücünün gündən-günə zəiflədiyini də vurğulamışdır.