MÜXALİFƏTİN DÖVLƏTİMİZƏ VƏ XALQIMIZA ZİDD ƏMƏLLƏRİNƏ SON QOYULMALIDIR
YIĞINCAĞINDA İRƏLİ SÜRÜLMÜŞDÜR
İyulun 25-də İmişli rayonunda 2 min nəfərə yaxın təhsil işçisi nümayəndələrinin yığıncağı keçirilmişdir.
Rayon təhsil şöbəsinin müdiri Akif Mövsümov yığıncağı açaraq son vaxtlar ölkəmizin Prezidenti Heydər Əliyevin səhhəti ilə bağlı müxalifət mətbuatlarında şər və böhtan xarakterli, insanlığa və bəşəri dəyərlələ bir araya sığmayan məlumatların dərc olunmasını pisləmişdir. Natiq qeyd etmişdir ki, dağıdıcı müxalifətin himayəsində olan mətbuat vasitələrində - “Yeni Müsavat”, “Hürriyyət”, “Azadlıq” qəzetlərində heç bir etik normaya uyğun gəlməyən qərəzli yazılar yeni nəslin tərbiyəsi ilə məşğul olan rayon təhsil işçilərinin apardıqları işə zərbə vuran bir məsələ olduğu üçün onların çox böyük hiddətinə səbəb olmuşdur.
RTŞ-nın inspektorları S.Atakişiyev, İ.Məmmədov, Cəfərli kəndindəki 1 nömrəli orta məktəbin direktoru M.Ləzimov, şəhər 5 nömrəli orta məktəbin direktoru İ.Nərimanov, 2 nömrəli uşaq bağçasının müdiri Ş.Şahpələngova, Şahmat məktəbinin direktoru T.Kərimov və başqaları çıxış edərək ölkəmizin Prezidenti Heydər Əliyevə qarşı qərəzli mövqe tutan müxalifət mətbuatlarında həqiqətdən uzaq, yalan və böhtan dolu yazılara birmənalı şəkildə qəti etirazlarını bildirmiş, bunun milli mənafeyə, xalqımızın əxlaqına zidd olduğunu söyləmiş və həmin qəzetlər barədə qanunvericilikdə nəzərdə tutulan qaydada ən ciddi şəkildə tədbir görülməsini qətiyyətlə tələb etmişlər.
Yığıncaqda bəyanat qəbul olunmuşdur. Bəyanatda deyilir: Azərbaycan Respublikasının bütün vətəndaşları kimi, biz, İmişli rayonunun təhsil işçiləri bəyan edirik ki, çox zəngin və mənalı ömür yaşamış, dünya diplomatiyasının görkəmli xadimi, Azərbaycan təhsilinin himayədarı və təəssübkeşi olan Prezident Heydər Əliyevə qarşı atılan şər və böhtanlar müstəqil dövlətimizə vurulan zərbədir.
Biz, İmişli rayonunun təhsil işçiləri ölkəmizin ictimaiyyətinin səsinə səs verərək müxalifət dairələrinin dövlətə və xalqa zidd əməllərini, etikadan və insanlıqdan kənar hərəkətlərini kəskin şəkildə pisləyir, respublikamızda sabitliyin pozulmasına yönəlmiş təxribat cəhdlərinin qarşısının alınmasını, mətbuat haqqında qanunu pozan qəzetlərin bağlanmasını əlaqədar təşkilatlardan qətiyyətlə tələb edirik. Bildiririk ki, qarşıdan gələn Prezident seçkilərində İmişli rayonunun təhsil işçiləri, pedaqoji kollektivlərin üzvləri möhtərəm Prezidentimiz Heydər Əliyevə yekdilliklə səs verəcəklər.