REGİONLAR
Muxtar respublikada dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi diqqət mərkəzindədir
Naxçıvan, 7 yanvar, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada 2019-cu ilin yekunu və 2020-ci ildə qarşıda duran vəzifələr müzakirə edilib.
Komissiyadan AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə çıxış edən qurumun sədri İsmayıl Qəribli 2019-cu ildə muxtar respublikada dövlət qulluğuna dair qanunvericiliyin dövlət orqanlarında tətbiqinə nəzarət edildiyini, 6 dövlət orqanının qanunvericiliyə uyğun olmayan 7 qərarının ləğv etdirildiyini diqqətə çatdırıb.
İsmayıl Qəribli qeyd edib ki, dövlət qulluğuna, hüquq mühafizə orqanlarına, ümumi təhsil və musiqi təhsili müəssisələrinə işə qəbul üçün komissiya tərəfindən keçirilmiş 11 test imtahanında 2391 nəfər iştirak edib, 1053 nəfər müvafiq keçid balını toplayıb.
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən iki startap layihəsinin - “dqmk.nmr.az” mobil tətbiqinin və “Vətəndaşların dövlət qulluğuna qəbulunun stimullaşdırılması” layihəsinin təqdimat mərasimləri keçirilib. Şərur, Ordubad, Culfa və Şahbuz rayonlarında yaşayan və elan edilmiş müsabiqələrdə iştirak etmək istəyən 109 vətəndaşa “Səyyari dövlət qulluğu xidməti könüllüyü” startap layihəsi çərçivəsində operativ köməklik göstərilib.
Məruzə ətrafında çıxışlardan sonra qarşıda duran vəzifələr müzakirə olunub, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın 2020-ci il üçün iş planı təsdiq edilib.