İQTİSADİYYAT
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının tələbələri “AzMeCo” metanol zavodunda olmuşlar
Bakı, 16 avqust (AZƏRTAC). M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının kimya fakültəsinin bir qrup tələbə və müəllimi paytaxtın Qaradağ rayonunda yerləşən “AzMeCo” şirkətinə məxsus metanol zavodunda olmuşlar.
Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tələbələr xüsusi təhlükəsizlik treninqi keçdikdən sonra zavodun layihə rəhbəri və mühəndislərlə görüşmüşlər. Görüşdə layihənin texniki mühəndisi universitet tələbələrinə metanolun təbii qazdan
alınması prosesi haqda ətraflı məlumat vermiş və onların suallarını cavablandırmışdır.
Qeyd olunmuşdur ki, metanolun alınma prosesi neft kimya sənayesində ən təmiz və ətraf mühitə ən zərərsiz istehsal sayılır.
Görüşdən sonra tələbələr zavodun ərazisini gəzmişlər. Gəzinti zamanı tələbələr zavodun texniki blokları, ən son texnologiya ilə təchiz edilmiş idarəetmə otağı ilə tanış olmuş, məhsul istehsalı prosesi və zavodun üçpilləli ən müasir təhlükəsizlik sistemi barədə geniş məlumat almışlar.
Bu, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının kimya fakültəsinin tələbələrinin zavoda artıq ikinci səfəridir.
Bir müddət öncə “AzMeCo” şirkəti kimya fakültəsinin tələbələri üçün xüsusi təqaüd təsis etmişdir. Təqaüdün qızıl dərəcəsinə layiq görülən tələbələr gələcəkdə şirkətdə işlə təmin olunacaqlar.