Nabranın turizm potensialının təqdimatı ilə bağlı Xaçmaz rayonuna infotur təşkil edilmişdir
Xaçmaz, 16 iyun (AZƏRTAC). Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı ilə bağlı regionlarda turizmin müxtəlif növlərini inkişaf etdirmək, turizm xidməti obyektlərinə yerli turizm şirkətlərinin səfərlərinin mütəmadi şəkildə təşkil etmək, eyni zamanda, daxili turizm bazarının fəallığını artırmaq məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və “Malibu” istirahət mərkəzinin təşkilatçılığı ilə Nabranın turizm potensialının təqdimatı ilə əlaqədar iyunun 16-da Xaçmaz rayonuna infotur başlamışdır.
İnfoturun məqsədi “Malibu” istirahət mərkəzinin 10 illik yubileyini qeyd etmək və respublikamızın ən gözəl guşələrindən sayılan Xaçmazın turizm potensialı ilə daha yaxından tanış olmaqdır.
İnfoturda Mədəniyyət və Turizm Nazirliyi, turizm şirkətlərinin əməkdaşları və kütləvi informasiya vasitələri nümayəndələr iştirak edirlər.
AZƏRTAC xəbər verir ki, turizm şirkətləri və KİV-lərin nümayəndələri əvvəlcə tarixi Şabran şəhərinin qalıqları ilə tanış olmuşlar. Məlumat verilmişdir ki, Azərbaycanın ictimai-siyasi, iqtisadi və mədəni həyatında mühüm rol oynamış qədim Şabran şəhəri Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi “Xalq yaradıcılığı paytaxtları” proqramına əsasən, 2011-ci ilin “Əfsanələr paytaxtı” elan edilmişdir. Uzun illərdir açıq havada qalan bu qədim şəhər nümunələrinin mühafizəsi və tədqiq edilməsi məqsədilə ümummilli liderimiz Heydər Əliyevin 2003-cü il 27 sentyabr tarixli Sərəncamı ilə ərazi Şabran Şəhər Tarix-Mədəniyyət Qoruğu elan olunmuşdur.
Sonra “Malibu” istirahət mərkəzində turizm şirkətlərinin və KİV nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə istirahət mərkəzinin təsisçisi Abdulla Muradov və Xaçmaz Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nazim Ağayev bölgənin turizm imkanlarının öyrənilməsində və təbliğində, turizm şirkətləri ilə dostluq şəraitində işgüzar mühitin yaradılmasında, yerli və xarici turistlərin cəlb edilməsində belə infoturların əhəmiyyətini yüksək qiymətləndirmişlər.
Bildirilmişdir ki, Prezident İlham Əliyevin bilavasitə diqqət və qayğısı sayəsində son illərdə turizm sektoru özünün sürətli inkişaf dövrünü yaşayır. Təkcə Xaçmaz rayonunda il ərzində 10 mindən çox yerli və xarici turist istirahət edir.
“Malibu” 10 il” yubiley tədbirində və infoturda fəal iştiraklarına görə turizm şirkətlərinin və KİV-lərin nümayəndələrinə sertifikat və hədiyyələr təqdim olunmuşdur.
Təltif olunanlar arasında AZƏRTAC-ın müxbiri də vardır.
Azərbaycanın füsunkar guşələrindən olan Nabranda, Xəzər dənizinin sahilində, yaşıllıqların əhatəsində yerləşən 35 kottecdən ibarət “Malibu” istirahət mərkəzində gün ərzində 350-dən çox turistin istirahəti üçün hər cür şərait yaradılmışdır. İstirahət mərkəzində bar, sauna, fitnes mərkəzi, kafe, mağaza, diskoteka, banket zalı, tennis kortu, basketbol, voleybol meydançaları, stolüstü tennis, bilyard masaları, menyusunda mükəmməl servisi ilə fərqlənən milli, Avropa, Aralıq dənizi mətbəxinin ən gözəl təamları yer alır.
İnfoturun proqramı çərçivəsində həmin gün axşam əyləncəli şou-proqram olmuşdur. Xaçmaz rayonuna infotur iyunun 17-də başa çatacaqdır.