Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər
Bakı, 7 avqust, AZƏRTAC
Bu yay Azərbaycanda turizm sektorunda turist sayını artırmaq üçün qısa müddətdə müxtəlif tədbirlərin təşkili və aviabiletlərin daha əlverişli qiymətlərlə təklif olunması müsbət nəticə verə bilər. Hazırda turist axınının artırılması üçün əsas dəstək alətlərindən biri nəqliyyat sistemidir. Burada, ilk növbədə, hava nəqliyyatının imkanlarının genişləndirilməsi, daha sonra dəmir yolu nəqliyyatının inkişafı turizmə yeni nəfəs verə, eyni zamanda, ölkə iqtisadiyyatına əlavə xarici valyuta axınını təmin edə bilər.
Bu sözləri AZƏRTAC-a açıqlamasında turizm üzrə ekspert Kənan Hənifəyev deyib.
Ekspert bildirib ki, bu yay ölkədaxili turizm xüsusilə aktiv olub. Bununla yanaşı, postsovet ölkələrindən və Türkiyədən Azərbaycana gələn turistlərin sayında artım müşahidə edilib. Çin və Yaponiyadan turistlərin də Azərbaycana marağı yüksəlməkdədir.
Kənan Hənifəyevin sözlərinə görə, hazırda turistlər arasında iki və daha çox günlük turlara üstünlük verilir. Son dövrlərdə isə yeni turizm istiqamətləri kimi kampinq (camping) və haykinq (hiking) fəaliyyətlərinə maraq əhəmiyyətli dərəcədə artıb.