REGİONLAR
Narkomaniyaya qarışı mübarizədə maarifləndirici tədbirlər mühüm əhəmiyyətə malikdir
Kürdəmir, 30 aprel, AZƏRTAC
Kürdəmirdə rayon polis şöbəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, M.Ə.Rəsulzadə adına şəhər 2 saylı tam orta məktəb-liseydə təşkil olunan tədbirdə Polis şöbəsinin narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Vahid Məhərrəmov çıxış edərək, rayonda yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərdən qorunması üçün aparılan işlər barədə məlumat verib, gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam həyat tərzi, zərərli vərdişlərdən uzaq olması üçün görülməli olan işlərdən və qarşıda duran vəzifələrdən danışıb.
Tədbirdə çıxış edən məktəbin direktoru Elnur Məmmədli narkomaniyanın törədə biləcəyi fəsadlardan danışıb, narkomaniyaya qarşı mübarizədə daha səmərəli nəticələrə nail olunmasında maarifləndirici tədbirlərin əhəmiyyətini qeyd edib.
Sonda narkomaniyanın bir ailədə törətdiyi faciədən bəhs edən videoçarx nümayiş olunub.