CƏMİYYƏT
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2023-cü ilə dair “İllik hesabat”ı nəşr edilib
Bakı, 14 mart, AZƏRTAC
"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"nın 4.1.23-cü bəndinin icrası ilə əlaqədar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “İllik Hesabat” jurnal formasında nəşr edilib.
Komissiyadan AZƏRTAC-a bildiriblər ki, hesabatda 2023-cü il ərzində Dövlət Proqramının icrasına dair ümumiləşdirilmiş məlumat, o cümlədən təşkilati tədbirlər, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, narkomanlığa qarşı mübarizə sahəsində vətəndaş fəallığının artırılmasına yönələn tədbirlər, hüquq-mühafizə orqanları tərəfindən görülmüş işlər, narkotik asılılığı olan şəxslərin müəyyən edilməsi və müalicəsi, bu sahədə aparılan tədqiqatlar, narkomanlığa qarşı mübarizə sahəsində təbliğat, profilaktika və monitorinq işinin təşkili, həmçinin qeyri-hökumət və beynəlxalq təşkilatlar ilə aparılan iş öz əksini tapıb.