REGİONLAR
Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vətəndaşların qəbulu otağı istifadəyə verilib
Naxçıvan, 19 dekabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yeni yaradılan vətəndaşların qəbulu otağı istifadəyə verilib.
Nazirlikdən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilov Mərkəzləşdirilmiş elektron informasiya sisteminin strukturuna daxil olan “Vətəndaşların qəbulu” altsistemi və qəbul otağında yaradılan şərait barədə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəsinin müavini Samir Seyidəhmədliyə məlumat verib.
Qeyd edək ki, müasir texnologiyalar və avadanlıqlarla təmin olunmuş vətəndaşların qəbulu otağı həftənin iş günləri saat 09:00-dan 18:00-a kimi fəaliyyət göstərəcək.
Qəbul otağında vətəndaşların müraciətinin qəbul edilib, müvafiq xidmət pəncərələrinə yönləndirilməsi və elektron növbə sistemi üçün məlumat masası, müraciət edən vətəndaşların rahatlıqlarının təmin edilməsi üçün oturacaqlar, növbə ardıcıllığını əks etdirən monitor və sağlamlıq imkanları məhdud şəxslərin qəbul zamanı rahat hərəkətlərini təmin etmək üçün zəruri xidmət vasitələri ilə təchiz edilmiş gözləmə zalı, müvafiq olaraq qəbul edilən müraciətlərin cavablandırılması üzrə xidmət masaları fəaliyyət göstərir.
Qeyd edək ki, xidmət səviyyəsinin ölçülməsi məqsədilə video və səs qeydiyyatı aparılır.