İQTİSADİYYAT
NAXÇIVAN ŞƏHƏRİNİN SU TƏCHİZATI VƏ KANALİZASİYA SİSTEMLƏRİ YENİDƏN QURULUR
Naxçıvan, 9 iyun (AZƏRTAC). Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov Babək rayonunun Şıxmahmud kəndində yeni su anbarının tikintisində olmuş, Naxçıvançay vadisində inşa edilən suqəbuledici qurğuda işin gedişi ilə maraqlanmışdır.
Ali Məclisin sədrinə məlumat verilmişdir ki, 2600 kvadratmetr ərazini əhatə edəcək anbarın tutumu 10 min kubmetrdir. Artıq bünövrə qazılmış, beton tökülmüşdür. Hazırda anbarın divarlarının və sütunlarının tikintisi davam etdirilir. Ərazidə xlorlama qurğusu, xidməti bina, laboratoriya və suqəbuledici kamera da inşa olunacaqdır.
V.Talıbov hər biri 3 min kubmetrlik iki su anbarına da baxmış, onların yerində bir ədəd 15 min kubmetr su tutumu olan yeni su anbarının, həmçinin yeni sutəmizləyici qurğunun tikintisi, içməli suyun keyfiyyətinin qorunması, yenidənqurma zamanı su itkisinə yol verilməməsi, sistemin bu ilin sentyabr ayınadək təhvilə hazırlanması barədə tapşırıqlar vermişdir.
Layihənin icrası başa çatdıqdan sonra Naxçıvan şəhərindəki mənzillər 24 saat fasiləsiz və keyfiyyətli içməli su ilə təmin olunacaq, su və kanalizasiya sistemi müasir standartlar səviyyəsinə çatdırılacaqdır.
######