REGİONLAR
“Naxçıvan” Universitetinin tələbələri istehsalat təcrübəsi keçirlər
![](/files/galleryphoto/2022/3/1200x630/16655624064586611735_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16655624063891423955_1200x630.jpg)
Naxçıvan, 12 oktyabr, AZƏRTAC
“Naxçıvan” Universitetinin İnformasiya texnologiyaları ixtisasında təhsil alan tələbələr Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində istehsalat təcrübəsi keçirlər.
Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Naxçıvan Muxtar Respublikası Radio-Televiziya Ötürücü Mərkəzi publik hüquqi şəxsdə təcrübə keçən tələbələrə rəqəmli televiziya və peyk yayımı, tezlik diapazonları və zolaqları barədə ətraflı məlumat verilib. “Naxçıvanpoçt” publik hüquqi şəxsdə isə məktubların, banderolların, teleqram və teleqraf göndərişlərinin, pul baratlarının, eləcə də bağlamaların qəbulu, göndərilməsi və poçt sahəsində göstərilən digər xidmətlər barədə izahlar verilib, suallar cavablandırılıb.
Tələbələrə nazirliyin mühəndisləri tərəfindən kompüterin daxili və xarici qurğuları, onların iş prinsipləri, proqram təminatı, əməliyyat sistemləri, kompüterlərarası əlaqənin yaradılmasında və kompüterlərin yerli şəbəkələrə bağlanmasında istifadə edilən cat 6, cat 7 ethernet əlaqə kabellərinin RJ-45 başlıq hissəsinin birləşdirilməsi, modemlərin ayarlanması, məftilli və fiber-optik kabel xətlərinin çəkilməsi barədə məlumatlar verilir. Təcrübə müddətində yeni nəsil avtomat telefon stansiyaları və onların iş prinsipləri ilə əyani tanışlıq olur. Bunlarla yanaşı, muxtar respublikada istifadə edilən ADSL və GPON internet xidmətləri və müasir telekommunikasiya avadanlıqlarının texniki göstəriciləri barədə də tələbələr müəyyən bilikləri mənimsəyirlər.
Təcrübə zamanı Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzinin tədris bölməsində olan tələbələrə slaydlar vasitəsilə veb-saytların müasir üslubda tərtib edilməsi, şəbəkələr və sistem inzibatçılığı və ixtisaslarına uyğun texnologiyalar barədə də məlumatlar verilir. Onlara veb-səhifələrin tərtibatı və hazırlanması, texnologiya biliklərinin daha da təkmilləşdirilməsi üçün dərslər keçirilir.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamına uyğun olaraq, muxtar respublikada ali və orta ixtisas təhsili müəssisələrinin aid ixtisasları Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin hamiliyinə verilib. Ötən müddət ərzində nazirlik tərəfindən tələbələrin müasir tədris vasitələrindən istifadə edərək, öz bilik və bacarıqlarını inkişaf etdirmələri üçün bir sıra tədbirlər görülüb. Tələbələrin belə təcrübələrdə iştirak etmələri onların gələcəkdə çalışacaqları informasiya texnologiyaları sahəsində peşəkar kadr kimi formalaşmalarına və bu sahənin sirlərini daha dərindən mənimsəmələrinə şərait yaradır.