Naxçıvanda əsgərlər üçün ön xətdə bayram tədbiri təşkil olunub
Naxçıvan, 14 mart, AZƏRTAC
Əlahiddə Ümumqoşun Ordunun ön xətdə yerləşən bölmələrindən birində Novruz bayramı münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordunun zabiti, polkovnik Mirqiyas Rüstəmov bayram tədbirində çıxış edərək xalqımızın Novruzu bolluq, bərəkət, firavanlıq rəmzi hesab etdiyini, min illər bundan əvvəl yaranmış bayramın bu gün daha yüksək əhval-ruhiyyə ilə qeyd olunduğunu bildirib.
Tədbirdə AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Etnoqrafiya şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov, Şərur Rayon Təhsil Şöbəsinin əməkdaşı, şair-publisist İbrahim Yusifoğlu və Şərur Rayon Mədəniyyət Sarayının direktor müavini, Azərbaycan Respublikasının Əməkdar Artisti Nemət Sultanov çıxış ediblər. Bildiriblər ki, çoxəsrlik tarixə malik xalqımızın günümüzə qədər yaşatdığı Novruz bayramı özündə həyatı, yaranış və dirçəlişi, milli birliyi, təbiətin füsunkar gözəlliklərini əks etdirir. Sovetlər zamanı qadağan olunmuş bu bayram xalqın yaddaşında yaşayaraq müstəqillik qazanıldıqdan sonra ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə dövlət səviyyəsində qeyd olunmağa başlanılıb.
Çıxış edənlər Novruz bayramı münasibətilə əsgərləri təbrik edib, onlara Vətənimizin müdafiəsində ayıq-sayıq dayanmağı arzulayıblar.
Bayram tədbirində tonqal qalanıb, nəğmələr oxunub. Tədbirdə Şərur Rayon Mədəniyyət və Turizm Şöbəsinin “Arpaçay” İnstrumental Ansamblının ifasında səslənən mahnılar və “Şərur” Xalq Yallı Ansamblının ifasında nümayiş olunan rəqslər maraqla qarşılanıb.