Naxçıvanda keçirilən karate-do üzrə beynəlxalq turnirdə 300-dək idmançı iştirak edir
Naxçıvan, 4 may, AZƏRTAC
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş karate-do üzrə “Heydər Əliyev kuboku” uğrunda “Naxçıvan Open” Beynəlxalq turnirinə start verilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, eləcə də Azərbaycan Milli Karate Federasiyası və Naxçıvan Karate-do Federasiyasının birgə təşkil etdiyi yarışda 6-13 yaşlı uşaqlar, 14-15 yaşlı yeniyetmələr, 16-17 yaşlı və 18-20 yaşlı gənclər iştirak edirlər.
Turnirdə Türkiyə, Rusiya, İran, Ukrayna, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Əfqanıstan, Kuba və Azərbaycanın 300-ə yaxın karate ustası mübarizə aparır.
İki gün davam edəcək turnirə mayın 5-də keçiriləcək final görüşləri ilə yekun vurulacaq.