İQTİSADİYYAT
Nazir: Azərbaycanda yeni rayonun təsis olunması ilə əlaqədar dövlət büdcəsinə bəzi düzəlişlərin edilməsinə ehtiyac yaranıb

Bakı, 1 dekabr, AZƏRTAC
Bildiyiniz kimi, Azərbaycanda yeni rayon yaradılıb. Bununla əlaqədar dövlət büdcəsinə bəzi düzəlişlərin edilməsinə ehtiyac yaranmışdır. Bu korrektələr dövlət büdcəsinin mövcud xərcləri çərçivəsində öz həllini tapa bilər.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında maliyyə naziri Samir Şərifov bildirib.
Nazir deyib ki, ilk növbədə, yeni Ağdərə rayonunun təsis edilməsi ilə bağlı qanun layihəsinin 9-cu maddəsinə həmin rayonun adı əlavə ediləcək. “Bununla yanaşı, Dövlət Su Ehtiyatları Agentliyinin Əsasnaməsi Prezidentin Fərmanı ilə təsdiq olunub. Həmin Əsasnaməyə görə, Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu publik hüquqi şəxsin fəaliyyəti üçün dövlət sifarişi əsasında tələb olunan 7,3 milyon manat vəsait Agentliyin əsas fəaliyyəti üçün kənd təsərrüfatı xərc bölməsində nəzərdə tutulmuşdu. Həmin vəsaitin 7,3 milyon manatının azaldılması və müvafiq olaraq elm xərcləri bölməsinə yönəldilməsi təklif edilir”, - deyə Samir Şərifov qeyd edib.