CƏMİYYƏT
Türkiyə mediası: Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin tikintisi sürətlə davam edir
![](/files/galleryphoto/2024/2/1200x630/1719919382572337188_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17199193822083110108_1200x630.jpg)
Ankara, 2 iyul, AZƏRTAC
Türkiyənin “İhlas” xəbər agentliyi Azərbaycan hökumətinin dəstəyi ilə “Azərbaycan” məhəlləsinin tikintisinin davam etdiyi Kahramanmaraş şəhərindən reportaj hazırlayıb.
AZƏRTAC xəbər verir ki, “Azərbaycan” məhəlləsində evlər fəal templə tikilir” sərlövhəli materialda Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyinin koordinasiyası ilə aparılan tikinti işlərinin yüksək keyfiyyətinə diqqət yetirilir.
Agentlik Azərbaycan Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) nümayəndəsi Fərman Qurbanlıya istinadla 2023-cü ilin dağıdıcı zəlzələləri zonasında həyata keçirilən irimiqyaslı şəhərsalma layihəsinin həyata keçirilməsindən bəhs edib. Onun sözlərinə görə, Kahramanmaraşda salınan “Azərbaycan” məhəlləsində ümumilikdə 71 bina, o cümlədən mədəniyyət evi və məktəb tikilir. Həmçinin 328 pərakəndə satış məntəqəsinin yaradılması nəzərdə tutulur.
“Fəlakətin miqyası çox böyük idi. Qardaş Türkiyənin köməyinə ilk yetişən ölkə Azərbaycan oldu. İşlər nəzərdə tutulan qrafikə uyğun davam etdirilir”, -deyə Qurbanlı bildirib.
“Azərbaycan” məhəlləsinin tikintisində iştirak edən mütəxəssislər bu gün şəhərin beş rayonunda fəal tikinti işlərinin davam etdiyi Kahramanmaraşın bərpasına verdikləri töhfəyə görə Türkiyə və Azərbaycan hökumətlərinə təşəkkür ediblər.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara