NAZİRLƏR KABİNETİ MƏTBUAT MƏRKƏZİNİN MƏLUMATI
Mayın 21-də Azərbaycan Respublikası baş nazirinin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov BMT-nin Ümumdünya Ərzaq Proqramının ölkəmizdəki nümayəndəliyinin rəhbəri cənab Şərif Zaheri qəbul etmişdir.
Görüş zamanı qeyd olunmuşdur ki, Azərbaycanda 1993-cü ilin sonlarından fəaliyyətə başlayan BMT-nin Ümumdünya Ərzaq Proqramı tərəfindən ilkin mərhələdə 200 min, 1999-cu ildən isə 150 min nəfərədək məcburi köçkünə ərzaq yardımı göstərilmişdir.
Məlum olduğu kimi, bu təşkilatın Azərbaycandakı layihəsinin müddəti 1999-cu ildə başa çatsa da, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Ümumdünya Ərzaq Proqramının baş qərargahına müraciətindən sonra həmin müddət daha üç il artırılmışdı. Bu müddət cari ilin iyun ayında başa çatdığı üçün 2001-ci ilin noyabrında Ümumdünya Ərzaq Proqramının baş qərargahının qiymətləndirmə missiyaları respublikamıza gələrək müxtəlif ərazilərdə müvəqqəti məskunlaşan məcburi köçkünlərlə görüşmüş, onların həyatı və məişəti ilə ətraflı tanış olduqdan sonra ərzaq yardımı proqramının müddətinin daha 3 il uzadılması barədə təkliflərini baş qərargaha bildirmişlər. Məsələ ilə bağlı müzakirədə iştirak edən 30-dan çox ölkənin, o cümlədən ABŞ, Rusiya, Fransa, Yaponiya, Macarıstan və digər ölkələrin nümayəndələri Azərbaycanda həyata keçirilən ərzaq yardımı layihəsinin müddətinin uzadılması təklifini müdafiə etmişlər.
Bunu nəzərə alan Direktorlar Şurası Azərbaycanda həmin proqramın müddətinin 2003-cü ilin yanvar ayından etibarən daha 3 il uzadılması barədə qərar qəbul etmişdir.
Cənab Ş.Zaher Azərbaycan hökuməti ilə birgə hazırlanmış layihənin indiki mərhələdə böyük əhəmiyyəti olduğunu vurğulayaraq, məcburi köçkünlərə ərzaq yardımının mütəşəkkil şəkildə həyata keçirilməsini və bu işdə şəffaflığın təmin olunmasını yüksək qiymətləndirmişdir.
Bu qərarın qaçqın və məcburi köçkün problemini özünün bir nömrəli problemi hesab edən Prezident Heydər Əliyevə beynəlxalq ictimaiyyətin dərin hörmət və ehtiramının təzahürü olduğunu xüsusi vurğulayan baş nazirin müavini Ə.Həsənov layihənin hazırlanması, müzakirəsi və qəbul edilməsində böyük roluna görə cənab Ş.Zaherə təşəkkürünü bildirmişdir.