SİYASƏT
NAZİRLƏR KABİNETİ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Aprelin 30-da baş nazir Artur Rasizadə Macarıstanın Rusiya Federasiyası və Azərbaycan Respublikası üzrə səfiri Erne Keşkeni qəbul etmişdir.
Qonağı salamlayan baş nazir respublikamızın Macarıstanla münasibətlərinin inkişaf etdirilməsinə və əlaqələrinin möhkəmləndirilməsinə böyük əhəmiyyət verdiyini bildirərək, ölkələrimiz arasında əməkdaşlığın inkişafının bir çox sahələrdə faydalı olacağını vurğuladı.
Səmimi qəbula görə baş nazirə təşəkkürünü bildirən səfir Erne Keşken ölkəsinin Azərbaycanla mədəni və iqtisadi əlaqələrinin daha da genişləndirilməsinə böyük maraq göstərdiyini nəzərə çarpdırdı. O, əmin etdi ki, Avropaya inteqrasiya proseslərində Macarıstan müstəqil Azərbaycan Respublikasına daim dəstək verəcəkdir.
Qəbulda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söhbət gedərkən, bu münaqişənin beynəlxalq hüquq normalarına uyğun olaraq, sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü prinsipləri əsasında həllinin vacibliyi vurğulandı.
Görüş zamanı qaşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.