SİYASƏT
NAZİRLƏR KABİNETİ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
30-da baş nazir Artur Rasizadə Qara Dəniz Hövzəsi Ölkələrinin Paytaxtları İttifaqının III Baş Məclisində iştirak etmək üçün Bakıya gəlmiş nümayəndələri qəbul etmişdir.
Qanaqları səmimiyyətlə salamlayan Artur Rasizadə regionda əməkdaşlığın daha da inkişaf etdirilməsində Qara dəniz hövzəsi ölkələri paytaxtlarının rolunu yüksək qiymətləndirdi.
Baş nazir paytaxt şəhərlərdə həyat səviyyəsinin yaxşılaşdırılmasının əhəmiyyətini nəzərə çarpdıraraq, sosial problemlərin həllində, ətraf mühitin mühafizəsində, kommunal xidmətlərin təşkilində və ümumən şəhər infrastrukturunun inkişaf etdirilməsində bu şəhərlərin idarəetmə strukturlarının üzərinə böyük məsuliyyət düşdüyünü vurğuladı. Bu istiqamətdə birgə layihələrin həyata keçirilməsi üçün qonaqlara öz işlərində müvəffəqiyyətlər arzuladı.
Görüşdə çıxış edən Ankara, Afina, Moskva, Tbilisi, Kişinyov, Buxarest və digər paytaxt şəhərlərin rəhbərləri beynəlxalq tədbirin yüksək səviyyədə təşkil olunmasına görə Azərbaycan hökumətinə təşəkkürlərini bildirdilər.
Bakı şəhəri ilə tanışlıqdan aldıqları təəssüratlarını bölüşən qonaqlar paytaxtımızın gözəlliyini, küçələrin səliqə-sahmanını, bağ və meydanların abadlığını xüsusi qeyd edərək, şəhər meriyasının fəaliyyətini müsbət qiymətləndirdilər.
Sonra baş nazir Artur Rasizadə qonaqları maraqlandıran bir sıra suallara cavab verdi.
Qəbulda Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov iştirak edirdi.