NAZİRLƏR KABİNETİNDƏ QƏBUL
Mayın 2-də Azərbaycan Respublikasının baş naziri Artur Rasizadə Türkiyə Cümhuriyyətinin Ədliyyə naziri Hikmət Sami Türkün başçılığı ilə ölkəmizdə işgüzar səfərdə olan nümayəndə heyətini qəbul etmişdir.
Qonağı salamlayan baş nazir Artur Rasizadə ölkələrimiz arasındakı münasibətlərin qarşılıqlı inkişafından razı qaldığını bildirdi və bu səfərin böyük əhəmiyyət daşıdığını qeyd etdi.
Qəbula görə təşəkkür edən Hikmət Sami Türk qardaş ölkələrimizin Ədliyyə Nazirlikləri arasında imzalanacaq sənədlər barədə baş nazirə məlumat verdi.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun olaraq, sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü prinsipləri əsasında tezliklə həll edilməsinin vacib olduğunu söyləyən qonaq Azərbaycanın haqq işinin Türkiyə tərəfindən bundan sonra da daim dəstəklənəcəyini nəzərə çarpdırdı.
Sovetlər dövründə Ədliyyə Nazirliyinin formal bir qurum olduğunu vurğulayan, müstəqillik qazandıqdan sonra Azərbaycanda müəyyən hüquqi baza yaradıldığını, son illər respublikamızın ədliyyə sistemində böyük işlər görüldüyünü nəzərə çarpdıran baş nazir Artur Rasizadə Türkiyənin bu sahədə zəngin təcrübəsindən öyrənməyin vacib olduğunu bildirdi.
Söhbət zamanı hər iki ölkəni maraqlandıran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.
Qəbulda Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov, Türkiyənin ölkəmizdəki səfiri Əhməd Ünal Çeviköz və digər rəsmi şəxslər iştirak edirdilər.