SİYASƏT
NAZİRLƏR KABİNETİNİN MƏTBUAT MƏRKƏZİNİN MƏLUMATI
Xəbər verildiyi kimi, aprelin 24-dən 25-dək Özbəkistanın paytaxtı Daşkənd şəhərində Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi üzrə
T R A S E K A hökumətlərarası komissiyasının növbəti - ikinci konfransı keçirilmişdir.
Ölkəmizi konfransda Azərbaycan Respublikası baş nazirinin müavini Abid Şərifovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edirdi.
Konfransın gündəliyi çərçivəsində tədbir iştirakçıları Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə yük daşımalarının həcminin artırılması, vahid tarif sisteminin yaradılması, sərhəd buraxılış məntəqələrində gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi, habelə bu nəqliyyat dəhlizi vasitəsilə Əfqanıstana humanitar yüklərin və tikinti materiallarının daşınmasına dair məsələlərin müzakirəsini aparmışlar.
Konfransda çıxış edən Azərbaycan nümayəndə heyətinin başçısı hökumətlərarası komissiyanın ilk iclasından sonra Bakı şəhərində yaradılmış T R A S E K A -nın Daimi Katibliyinin fəaliyyətinə toxunaraq, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin səmərəli işləməsində onun mühüm əlaqələndirici funksiya daşıdığını qeyd etdi. O, son illər ərzində nəqliyyat dəhlizi ilə yük daşımalarının artırılması məqsədi ilə dəniz, avtomobil və dəmir yollarının bərpası, nəqliyyat sektorunda təmir və texniki təchizat işlərinin aparılması istiqamətində Avropa Komissiyasının və Azərbaycan hökumətinin gördüyü işlər barədə ətraflı məlumat verdi və çıxışının sonunda Avropa Komissiyasına gələcəkdə dəhlizin inkişafı ilə bağlı maliyyə və texniki yardımların həcminin artırılması barədə müraciət etdi.
Müzakirələr zamanı nəqliyyat dəhlizinin səmərəli fəaliyyətinin təşkili baxımından, Azərbaycan tərəfinin irəli sürdüyü bir sıra təkliflər qəbul edilərək, konfransın yekun sənədlərində öz əksini tapdı.
Tədbirin sonunda T R A S E K A hökumətlərarası komissiyasının növbəti mərhələ üçün yeni sədri və baş katibi seçildi, həmçinin ikinci konfransın yekun Qətnaməsi, kommunike və Daşkənd Bəyannaməsi qəbul edildi.