SİYASƏT
NAZİRLƏR KABİNETİNİN MƏTBUAT MƏRKƏZİNİN MƏLUMATI
İyunun 28-də Azərbaycan Respublikasının baş naziri Artur Rasizadə “Cənubi Qafqazda regional əməkdaşlığa təhdid və maneələr” mövzusunda beynəlxalq seminarda iştirak etmək üçün Bakıya gəlmiş NATO baş katibinin siyasi məsələlər üzrə müavini cənab Günter Altenburqu qəbul etmişdir.
Qonağı səmimi salamlayan baş nazir Artur Rasizadə ölkəmizin 1994-cü ildən NATO-nun “Sülh naminə tərəfdaşlıq proqramı”na qoşulduğunu xatırladaraq, bu nüfuzlu qurumla əməkdaşlığın inkişafına böyük əhəmiyyət verdiyini vurğuladı. Bu baxımdan o, Bakıda keçirilən seminarın da səmərəli olacağına əminliyini bildirdi. Daha sonra respublikamızda ictimai-siyasi və iqtisadi duruma toxunan baş nazir Ermənistanın hərbi təcavüzünün ağır nəticələri barədə ətraflı məlumat verdi. O dedi ki, Azərbaycan tərəfi münaqişənin sülh yolu ilə həllinə tərəfdar olsa da, Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində hələlik problem öz həllini tapmamışdır.
Qəbula görə təşəkkürünü bildirən cənab Günter Altenburq Bakıda keçirilən seminarın Azərbaycanla NATO arasında əlaqələrin inkişafına təkan verəcəyini söylədi, əməkdaşlığın hazırkı vəziyyətindən məmnun qaldığını qeyd etdi. Qonaq Azərbaycan respublikasının qonşu dövlətlərlə apardığı siyasəti təqdir edərək, Ermənistanla münaqişəni də tezliklə beynəlxalq hüquq normaları əsasında sülh yolunda həll olunacağına əminliyini vurğuladı.
Söhbət zamanı ikitərəfli əlaqələrə dair bir sıra məsələlər ətrafında da müzakirələr oldu.
X X X
Həmin gün baş nazir Artur Rasizadə Norveçin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Steinar Gili onun xahişi ilə qəbul etmişdir.
Cənab Steinar Gil qədim tarixə, mədəniyyətə və zəngin təbii sərvətlərə malik Azərbaycan Respublikasında səfir təyin olunmasından şərəf duyduğunu söylədi. O, ölkələrimiz arasında yaranmış mehriban dostluq əlaqələrinin daha da inkişaf etdirilməsi, Azərbaycanla hərtərəfli əməkdaşlığın dərinləşdirilməsi üçün öz imkanlarından istifadə edəcəyini vurğuladı.
Baş nazir Artur Rasizadə qonağa diplomatik fəaliyyətində müvəffəqiyyətlər arzulayaraq, Azərbaycanla Norveç arasında iqtisadi əlaqələrin daha da dərinləşdirilməsinin hər iki tərəfin maraqlarına uyğun olduğunu bildirdi.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıldı.