CƏMİYYƏT
Nazirlik tərəfindən 250 nəfərdən çox əlilliyi olan şəxs peşə hazırlığı kurslarına cəlb edilib
Bakı, 7 avqust (AZƏRTAC). Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) əlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılması və əmək bazarına çıxışının asanlaşdırılması üçün onların peşə reabilitasiyasına xüsusi önəm verir.
Nazirlikdən AZƏRTAC-a bildirdilər ki, cari ilin ötən dövründə ƏƏSMN-in Bakının Yeni Ramana qəsəbəsində yerləşən sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiya mərkəzində ümumilikdə 176 nəfər sağlamlıq imkanları məhdud gənc müxtəlif peşələr (dərzi, toxucu, xalçaçı, aşbaz, kompyuter istifadəçisi, bərbər və s.) üzrə peşə hazırlığı kurslarına qəbul edilib. Onlardan artıq kursları uğurla bitirən 54 nəfərinə sertifikat, 11 nəfərinə arayış verilib.
Qeyd olunan dövrdə ƏƏSMN tərəfindən peşə hazırlığı kurslarına cəlb edilən əlilliyi olan şəxslərin sayı isə 80 nəfər olub. Həmin şəxslərdən 60 nəfərini gözdən əlilliyi olan insanlar təşkil edib. Onlara brayl sistemi üzrə təlim aparılmaqla peşələr öyrədilib. Peşə hazırlığı kurslarına cəlb edilən əlilliyi olan şəxslərin əksəriyyəti gənclərdən ibarət olub.
ƏƏSMN-in məşğulluq xidməti orqanları peşə hazırlığı kurslarını bitirən əlilliyi olan şəxslərin yeni yiyələndikləri peşələr üzrə qısa müddətdə məşğulluqlarının təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçirib.