NEFT STRATEGİYASI MÖVZUSUNDA ELMİ-PRAKTİK KONFRANS KEÇİRİLMİŞDİR
Milli Məclisin Regional məsələlər daimi komissiyasının sədri Zahid Qaralov konfransı açaraq, prezident seçkilərinə hazırlıq mərhələsində rayon təşkilatında görülən işlərdən danışmış, habelə son vaxtlar “Yeni Müsavat”, “Hürriyyət”, “Azadlıq” və digər müxalifət qəzetlərində Yeni Azərbaycan Partiyasının sədri, respublikamızın Prezidenti Heydər Əliyevə qarşı başlanmış şər-böhtan kampanıyasının cəmiyyət tərəfindən birmənalı şəkildə qəzəb və nifrətlə pisləndiyini bildirmişdir. O, konfransın keçirilməsi ilə bağlı məlumat verərək demişdir ki, məqsəd ölkəmizin başçısının on ildən bəri həyata keçirdiyi uğurlu neft strategiyası, AŞPA sədrinin müavini və Büro üzvü, ARDNŞ-in birinci vitse-prezidenti İlham Əliyevin bu sahədəki uğurlu fəaliyyəti barədə partiyanın fəallarına daha ətraflı məlumat verməkdir ki, onlar seçkiqabağı təbliğatda bundan istifadə etsinlər.
Sonra ARDNŞ-in müşaviri, texnika elmləri doktoru, professor Eldar Şahbazov “İlham Əliyev və Xəzər hövzəsinin karbohidrogen ehtiyatlarının işlənilməsi kontekstində Azərbaycanın yeni neft strategiyası” mövzusunda məruzə etmişdir.
Məruzəçi bildirmişdir ki, Prezident Heydər Əliyevin böyük çətinliklərdən keçən uğurlu neft siyasəti təkcə Xəzərin Azərbaycan sektorundakı enerji ehtiyatlarının işlənilməsini əhatə etmir. Dövlətimizin başçısı bu siyasəti ilə dünyanın nüfuzlu neft şirkətlərinin Meksika və Fars körfəzlərində, habelə Şimal dənizində olan maraqlarını Xəzər hövzəsinə yönəldə bilmişdir. Azərbaycan və digər qonşu dövlətlər qısa bir vaxt ərzində bu siyasətin bəhrəsini görmüşlər. Bölgədəki karbohidrogen ehtiyatların işlənilməsinə külli miqdarda sərmayə yatırılmışdır.
Neft strategiyasının həyata keçirilməsi nəticəsində Azərbaycanın yaxın illərdə regionun ən zəngin dövləti olacağını vurğulayan E.Şahbazov demişdir ki, Xəzərin Azərbaycan sektorundakı yataqların işlənilməsinə qoyulan sərmayənin ümumi həcmi növbəti iki il ərzində15 milyard ABŞ dollarına çatacaqdır. 2003-cü ilin sonunadək neft və neft məhsullarının satışından respublikamızın Neft Fondunun vəsaitinin 1 milyard 37 min ABŞ dollarına çatacağı gözlənilir.
Məruzəçi Avropa Şurası Parlament Assambleyası sədrinin müavini və Büro üzvu, ARDNŞ-in birinci vitse-prezidenti İlham Əliyevin fəaliyyətindən danışaraq bildirmişdir ki, İlham Əliyev Xəzər hövzəsinin karbohidrogen ehtiyatlarının işlənilməsi kontekstində Azərbaycanın yeni neft strategiyasının həyata keçirilməsində xüsusi xidmətləri olan, dünya dövlətlərinin qəbul etdikləri siyasətçidir. Prezidentimizin yaxın silahdaşı olaraq İlham Əliyev neft müqavilələrinin hazırlanmasında bilavasitə yaxından iştirak etməklə yanaşı, Azərbaycanın neft strategiyasının, bütünlükdə ölkəmizin siyasətinin mahiyyətinin beynəlxalq miqyasda obyektiv, doğru-düzgün dərk olunması sahəsində çox böyük işlər görmüşdür.
Sonra məruzəçi konfrans iştirakçılarının çoxsaylı suallarına cavab vermişdir.