REGİONLAR
Neftçalada bu günədək sahələrdən 15,6 min tondan çox pambıq yığılıb
Neftçala, 21 noyabr, Mahir Babayev, AZƏRTAC
Neftçalada pambıq plantasiyalardan bu günə kimi 15 min 670 ton məhsul toplanıb ki, bu da ötən il rayonda tədarük olunan məhsuldan 5 min 586 ton çoxdur. Hər hektarın məhsuldarlığı 30 sentnerə çatır. Yığılan pambığın 11 min 984 tonu maşınların köməyi ilə toplanır. Hazırda pambıq plantasiyalarında 23 pambıqyığan kombayn işləyir və hər gün tədarük olunan məhsulun yarıdan çoxu bu maşınların köməyi ilə yığılır.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu il rayonda 5 min 87 hektar sahədə pambıq əkilib. Torpaq mülkiyyətçiləri tərəfindən bitkiyə nümunəvi qulluq göstərildiyindən bu il sahələrdə məhsul boldur. Sahibkarlar yetişdirdikləri pambığın son qozasınadək toplamaq üçün bütün qüvvələrini sərf edirlər. Rayonun Xol, Boyat, Sarıqamış, Mirzəqurbanlı zonalarında yığım kampaniyası daha mütəşəkkil təşkil olunub. Dövlət tərəfindən qeyri-neft sektorunun, xüsusilə pambıqçılığın inkişafına göstərilən hərtərəfli dəstək bu zonalarda fəaliyyət göstərən fermerlərin pambıq əkininə olan marağını xeyli artırıb. Bu ərazilərdə fəaliyyət göstərən fermerlər bu mövsüm ötən ildəkindən qat-qat çox məhsul yetişdirib və yığım apardıqları sahələrin hər hektarından 30-35 sentner məhsul götürürlər.
Qeyd edək ki, ötən il neftçalalı pambıqçılar sahələrdən 10 min 90 ton pambıq yığıblar.