İDMAN
“Neftçi” futbol komandası UEFA Avropa Liqası yarışlarında növbəti oyununu keçirəcək
![“Neftçi” futbol komandası UEFA Avropa Liqası yarışlarında növbəti oyununu keçirəcək](/files/2014/2/1200x630/14087125483063463942_1200x630.jpg)
Bakı, 7 avqust (AZƏRTAC). Bu gün futbol üzrə UEFA Avropa Liqası yarışlarının üçüncü təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu qarşılaşmalarda turnirin pley-off mərhələsinə 29 vəsiqənin sahibi müəyyənləşəcək.
Azərbaycan kubokunun qalibi “Neftçi” komandası tarixində ikinci dəfə pley-off mərhələsində oynamaq üçün Gürcüstanın “Çixura” klubu ilə oyunda qalib gəlməlidir. Bakıda keçirilmiş oyunda qolsuz heç-heçə ilə kifayətlənən baş məşqçi Böyükağa Hacıyevin yetirmələri səfərdə əzmkar oyun nümayiş etdirməlidir.
Oyunu macarıstanlı baş hakim Tamas Boqnar idarə edəcəkdir. Ona həmyerliləri Qyörgi Rinq, Peter Berettyan və Adam Farkas kömək edəcəklər. Matçın UEFA nümayəndəsi Miçail Anagnostou (Yunanıstan), hakim-inspektoru isə Zbiqniev Przesmiçki (Polşa) olacaqdır.
“Çixura” - “Neftçi” qarşılaşması Tbilisidə Mixail Mesxi stadionunda Bakı vaxtı ilə saat 22:00-da başlayacaqdır.